Deputat: “Klassik sosial şəbəkələrlə mesajlaşma xidmət arasında sərhəd qalmayıb”

Deputat: “Klassik sosial şəbəkələrlə mesajlaşma xidmət arasında sərhəd qalmayıb”

“Qanun layihəsi yeni dövrün ən həssas məsələsinə – uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunmasına həsr olunub. 

Bu baxımdan, layihənin məqsədini, strateji hədəfini və mahiyyətini tam dəstəkləyir, müəlliflərinə təşəkkürümü bildirirəm. 

Eyni zamanda, düşünürəm ki, təklif olunan əlavə və dəyişikliklərin tətbiqi zamanı bir sıra məsələlərin əlavə izahına və gələcəkdə daha geniş hüquqi tənzimlənməsinə ehtiyac olacaq. Toxunmaq istədiyim ilk məqam terminologiya ilə bağlıdır. 

Qanun layihəsində əsasən "sosial şəbəkə platforması" anlayışından istifadə olunur. Lakin rəqəmsal texnologiyalar sürətlə dəyişir və bu gün klassik sosial şəbəkələrlə mesajlaşma xidmətləri arasındakı sərhədlər faktiki olaraq aradan qalxıb.

"Telegram", "WhatsApp" və digər oxşar sistemlər artıq sadəcə mesajlaşma vasitələri deyil. Bu platformalarda kütləvi kanallar, ictimai qruplar, video yayım xidmətləri, sosial icmalar və geniş auditoriyaya yönəlmiş məzmun paylaşımı imkanları var. 

Başqa sözlə desək, onlar da sosial platforma funksiyalarını yerinə yetirirlər və uşaqlar üçün yarana biləcək risklər baxımından ənənəvi sosial şəbəkələrdən heç də az təhlükəli deyillər. Bu səbəbdən, gələcəkdə hüquqi tənzimləmələr hazırlanarkən, ümumilikdə «rəqəmsal kommunikasiya platformaları» anlayışına da diqqət yetirilməsi məqsədəuyğundur”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Elçin Mirzəbəyli deyib. Deputat qeyd edib ki, qanunvericiliyə sosial şəbəkə reyestri anlayışının gətirilməsinin, sosial şəbəkələrlə bağlı təsnifatın daha geniş və müasir çağırışlar nəzərə alınmaqla müəyyənləşdirilməsinin də zəruri olduğunu düşünür:

“Bu gün uşaqların həyatına təsir göstərən əsas texnologiyalardan biri də süni intellekt sistemləridir. Süni intellekt tətbiqləri uşaqların məlumat əldə etməsinə, qərar qəbul etməsinə, davranış modellərinə və hətta dünyagörüşünə təsir göstərmək imkanına malikdir. 

Zənnimcə, yaxın gələcəkdə uşaqların süni intellekt sistemlərindən istifadəsi, onların fərdi məlumatlarının qorunması, alqoritmik təsirlərdən müdafiəsi və yaşa uyğun təhlükəsizlik standartlarının müəyyən olunması ilə bağlı ayrıca hüquqi tənzimləmələrin hazırlanmasına ehtiyac yaranacaq.

Qanun layihəsinin müəlliflərinə həm də ona görə təşəkkür etmək istəyirəm ki, sənəd bizə daha mühüm bir məsələyə də nəzər salmaq imkanı yaradır.Uşaqların, yeniyetmələrin təhlükəli rəqəmsal mühitdən qorunması, müəyyən məhdudiyyətlərin tətbiqi zəruridir və tamamilə doğru yanaşmadır. Amma eyni zamanda alternativlər haqqında da düşnümək vacibdir.

Çünki müasir dövrdə rəqəmsal mühitdən tam uzaq qalmaq mümkün deyil. Bu gün dünyanın müxtəlif ölkələrində uşaqlar və yeniyetmələr üçün xüsusi təhlükəsizlik standartları əsasında fəaliyyət göstərən rəqəmsal platformaların yaradılması istiqamətində təşəbbüslər həyata keçirilir. Bu baxımdan düşünürəm ki, ölkəmizdə məktəblilər və yeniyetmələr üçün təhlükəsiz rəqəmsal ekosistemin formalaşdırılması istiqamətində addımlar atıla bilər”.

Deputat əlavə edib ki, alqoritmləri yerli operatorlar tərəfindən istiqamətləndirilən sosial şəbəkə ilə təhsil, mədəniyyət platformasının hibrid modelini nəzərdə tuturam:

“Bu qəbildən olan layihələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iştirakı ilə də həyata keçirilməsi mümkündür. Məsələn, gənctürk adında sosial şəbəkə platforması yaradıla bilər.  Eyni zamanda TÜRKSOY çərçivəsində türk xalqlarının ortaq mədəniyyət yönümlü sosial şəbəkə platformasının da yaradılması mümkündür. 

Yubiley tədbirlərinin, konsertlərin keçirilməsi çox yaxşıdır, amma artıq müasir çağırışlara da cavab vermək, identikliyimizi, dəyərlərimizi qorumaq üçün sahib olduğumuz virtual məkana ehtiyac var.  

Bütövlükdə isə hesab edirəm ki, uşaqlar və yeniyetmələr üçün milli rəqəmsal ekosistemin yaradılması perspektivi gələcəkdə nəzərdən keçirilməsi zəruri olan mühüm istiqamətlərdən biridir.

Qanun layihəsini rəqəmsal dövrün çağırışlarına verilən mühüm hüquqi cavab kimi qiymətləndirirəm. Bu səbəbdən layihəni dəstəkləyir, eyni zamanda qeyd etdiyim məqamların da gələcək təkmilləşdirmə prosesində nəzərə alınmasını məqsədəuyğun sayıram”.

Vilayət Muxtar
“Cebheinfo.az”