Qeydiyyat yoxdursa, vətəndaş da yoxdur: “Qara biznes”ə qapı açılıb
Vətəndaşların yaşadıqları ünvan üzrə dövlət orqanlarında uçota alınması prosesi qeydiyyat adlanır.
Hazırda ölkədə mövcud problemlərindən biri də vətəndaşların qeydiyyatı ilə bağlıdır.
Belə ki, hazırda bir çox vətəndaş evinin olmaması, yaxud yaşadığı evin “kupça”sı olmadığına görə qeydiyyatsız yaşamağa məcburdur. Yaxud evini satan vətəndaşın evini alan şəxs onu qeydiyyatdan çıxarır ki, bu zaman onun qeydiyyata düşməyə başqa bir ünvanı yoxdursa, “havada qalır”.
Xatırladaq ki, əvvəllər bu kimi halda vətəndaş polis şöbəsinə qeydiyyata alınırdı. İndi bu qayda mövcud deyil. Hazırda qeydiyyat problem ilə üzləşən onminlərlə insan var. Əgər şəxs daimi qeydiyyata düşə bilmirsə, artıq onun şəxsiyyət vəsiqəsi də hüquqi qüvvəsini itirir.
Qeyd edək ki, hazırda bu problemin "həlli" ilə bəzi "maklerlər" maklerlər məşğul olurlar. Belə ki, "maklerlər" müəyyən məbləğ müqabilində vətəndaşı müəyyən ünvana qeydiyyata salırlar. Nəticədə bu gün ölkədə “makler qeydiyyatı” formalaşır. Bu da bir faktdır ki, vətəndaşın qeydiyyatsız olması üçün bir çox problemlərə yol açır.
Bu problemin həlli üçün qeydiyyatsız vətəndaşları icra nümayəndəliyində qeydiyata almaq mümkündürmü?
Məsələ ilə bağlı hüquqşünas Vüqar Dadaşov “Cebheinfo.az”-a bildirib ki, hazırda qüvvədə olan qanuna görə, vətəndaş mövcudluğu qeydiyyatsız mümkün deyil:

“Ən azından, yaşayış yeri, sosial, hüquqi məsuliyyətinin müəyyən edilməsi üçün vətəndaşın konkret qeydiyyat yeri göstərilməlidir. Hətta Mülki Məcəllənin tələblərinə görə, vətəndaşlara qarşı hər hansı tələbin irəli sürülməsi onun qeydiyyat yeri üzrə aparılır. Yəni vətəndaşın qeydiyyat yeri mütləq olmalıdır və hətta qeydiyyatsız belə, ərazi üzrə qeydiyyatı aparılmalıdır ki, vətəndaşı əlaqələdirmək mümkün olsun. Son vaxtlar bu problemin həlli üçün yerli icra nümayəndələri, bələdiyyələr müəyyən qeydiyyat aparıb.
Buna “qeydiyyatsız yaşayış yeri” deyirlər. Həmin “qeydiyyatsız yaşayış yeri” üzrə vətəndaşın müəyyən olunması, tapılması, ümumiyyətlə, yaşayışı barədə məlumatın toplanması aparılır. Ona görə də vətəndaşın qeydiyyatsız mövcudluğu normalarla mümkün deyil".
Vətəndaşın polis idarələrində qeydiyyatının aparılmasına gəldikdə, hüquqşünas deyir ki, qanunda belə bir tələb yoxdur:
“Bu, vətəndaşlara bir güzəşt forması idi ki, onlar qeydiyyatsız qalmasın, izi itməsin. Nəinki qanunda qeydiyyatla bağlı belə bir tələb yoxdur, eyni zamanda hüquqdan sui-istifadə halları yaradırdı. Məsələn, vətəndaşlar öz sosial hüquqlarından, yaxud öhdəliklərindən yayınmaq üçün polis orqanlarının ünvanı göstərilirdi.
Vətəndaşın hər hansı məsuliyyətinin icrası üçün çətinlik yaranırdı. Çünki vətəndaş polis orqanında yaşamırdı. Bu baxımdan, polis orqanlarına qeydiyyat doğru deyildi və qanunda da yoxdur. Ümumiyyətlə, qeydiyyatsız vətəndaşlarla bağlı bizim bir platformamız da var idi ki, vətəndaşların qeydiyyatı ilə bağlı bu səlahiyyəti nəinki hüquq-mühafizə orqanları, yerli icra nümayəndələri və bələdiyyələr icra etsin. Bu səlahiyyətin bölüşdürülməsi əlbəttə ki, məsələnin həllinə müsbət təsir edə bilərdi”.
Hüquqşünas deyir ki, hazırda mövcud olan “makler qeydiyyatı” özü "qara biznes" yaradır:
“Elə mülkiyyət sahibi var ki, öz əmlakında, yaşayış sahəsində neçə nəfərin qeydiyyatda olduğu məlum deyil. Bu, qanundankənar fəaliyyətdir. Hər iki tərəfin, xüsusilə mülkiyyət sahibinin razılığı olmadan vətəndaşın evinə qeydiyyatın aparılması qanunaziddir və dələduzluq faktı kimi qiymətləndirilir. Sonradan bunu hüquqi baxımdan sübut etmək mümkün olmasa da, hər hansı bir iş üzrə araşdırma aparılarsa, bu faktı müəyyən edib həmin şəxsləri məsuliyyətə cəlb etmək olar.
Vətəndaşın qeydiyyatının olmaması həm də seçki hüququnu məhdudlaşdırır. Bu baxımdan, yerli icra hakimiyyəti, ərazi nümayəndəliyi həmin məsələni öz üzərinə götürsə, məsələnin həllinə müsbət təsir edər. İndiki vəziyyətdə ən optimal vəziyyət budur. Bunun üçün mütləq şəkildə qanuna dəyişiklik edilməlidir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”

