Tofiq Zülfüqarovdan sensasion müsahibə: "Bizə tanklar da lazım olacaq"

Tofiq Zülfüqarovdan sensasion müsahibə: "Bizə tanklar da lazım olacaq"

Ermənistanda keçirilmiş parlament seçkiləri Azərbaycanla sülh prosesi üçün tam arzuolunan nəticəni vermədi. 

Nikol Paşinyan hakimiyyəti parlamentdə konstitusion çoxluğa sahib olmadığına görə referendum keçirə bilməz. Yəni Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasında qala bilər. Çox güman ki, Azərbaycan Ermənistanla münasibətlərində yaranmış fərqli situasiyanı nəzərə almalı olacaq. 

Vəziyyətin təhlili və hadisələrin mümkün inkişafı ilə bağlı sualları “Cebheinfo.az"- a müsahibəsində sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb:   

-Ermənistanda keçirilmiş parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası konstitusion çoxluğu qazana bilmədi. Bu isə Ermənistanda konstitusiyanın dəyişdiriləcəyinə və sülh müqaviləsinin imzalanmasına ciddi maneə yaradır. Bu baxımdan, seçkilərin formalaşdırdığı yeni situasiya nə vəd edir? 

-Əslində, bu, böyük bir problemdir. Çünki seçkilər Ermənistanda seçicilərin təxminən yarısının sülhü qəbul etmədiyini və “Miatsum” ideologiyasından əl çəkmək istəmədiklərini göstərdi.Bu isə ciddi problemlər yaradır. Bizə isə davamlı sülh lazımdır. 

Yəni Azərbaycan sülhə bu və ya digər sazişin əldə olunması kimi yanaşmır. İndi Azərbaycanda Paşinyanı tərifləyən bir təbəqə formalaşıb. Mən isə bu məsələyə bir az tənqidi yanaşıram. Paşinyan bəyan etmişdi ki, seçkilərdən sonra, yəni 2027-ci ildə referendum keçirməyi planlaşdırır. Ermənistanın daxilində yumşaq desək, inzibati resurslardan istifadə etdikdən sonra belə,  Paşinyanın yenə  konstitusion çoxluğu qazanmaq üçün bir neçə mandatı çatmır. 

Vəziyyətin təhlili göstərir ki, səsvermənin necə keçirilməsindən asılı olmayaraq, Paşinyan hakimiyyətini davam etdirmək üçün lazım olan səsləri toplayıb, amma sülh prosesinin əsas mahiyyətini kəsb edən məsələdə Rusiyadan asılı  qalıb.  

Mən bir çoxlarından fərqli olaraq, əvvəllər də belə hesab edirdim ki, Rusiya-Paşinyan qarşıdurması süni olaraq yaradılırdı. Rusiyanın təzyiqi nəticəsində Paşinyanın reytinqi qalxıb. Nəticədə, Rusiyanın istədiyi baş verdi. Ermənistan konstitusiyasına dəyişikliklər mütləq olmalıdır. 

Buna nail olmaq üçün Ermənistanda referendum keçirilməlidir. Rusiyapərəst qüvvələr isə referenduma razılıq verməlidir. Belə olan halda Rusiyanın siyasi maraqlarının həyata keçmədiyini görürük. Əminəm ki, mövcud vəziyyət Paşinyanın iştirakı olmadan baş verməyib. Onun da bu və ya digər şəkildə belə vəziyyətin yaradılmasında əli var. 

- Paşinyan seçkilərə 3 gün qalmış 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanacağını demişdi. Sizcə, Paşinyan 2031-ci ildən danışarkən konstitusion çoxluğu əldə edə bilməyəcəyini  bilirdi, yoxsa vaxt qazanmağa çalışır? 

- Paşinyan bilirdi ki, inzibati resurslardan istifadə etmək hesabına hökuməti formalaşdırmaq üçün lazım olan səsləri toplayacaq. Amma qalan məsələlər açıq qalacaq. Biz Paşinyanın nə üçün sülh prosesini uzatdığını anlamalıyıq. 

Bəzi insanlar bunu görmür və Paşinyanın sülh istədiyinə aldanır. Əgər o, doğrudan da sülh istəsəydi, işğalçı siyasətin əsasını təşkil edən qanunların ləğvində maraqlı olardı. Amma o, sülhə meyilli olduğunu bəyan edir, təcrübədə isə buna imkan yaratmır. 

Yəni Ermənistanın dövlət ideologiyası Sovet dövründən qabaq formalaşıb və SSRİ dağılandan sonra daha kəskin şəkil alıb. Bu, qonşu ölkələrə ərazi iddiaları ilə çıxış edən və Rusiyanın forpostu olan bir dövlət olub. 

Ermənistan yalnız Azərbaycana deyil, Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış edib. Stalin dövründə ermənilər Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəndən sonra Ermənistan bu rolu oynamaqda davam edir. 

Bir sıra xarici “oyunçu”lar hələ də bu məsələni gündəmdə saxlamaq üçün "sülh dalanı" yaradıb. Ona görə də Azərbaycan sülh siyasətini davam etdirməlidir. Real sülhü yaratmaq üçün real addımlar atılmalıdır. Təəssüf ki, Ermənistan real addımlar atmır. 

Eləcə də, Ermənistan-Rusiya münasibətlərində heç bir dəyişiklik baş vermir. Rusiyanın hərbi bazaları, sərhədçiləri Ermənistanda qalır. Üstəlik, həmin sərhədçiləri  Tramp layihəsinə də qoşmaq istəyirlər. Hesab edirəm ki, Paşinyanın oynadığı “oyun” Azərbaycan tərəfindən ciddi təhlil olunmalı və buna qarşı ciddi addımlar atılmalıdır. 

-Sizcə, Azərbaycanın reaksiyası necə olmalıdır? 

- Bəziləri deyirlər ki, sülh sazişi bağlanmalıdır. Sülh müqaviləsi kağızdır. Reallıqda isə biz Ermənistan cəmiyyətinin sülhə hazır olmadığını görürük. Seçkilər bunu açıq şəkildə göstərdi. 

Seçicilərin 50 faizə qədərindən azı “Miatsum” ideologiyasından imtina etməyə hazır olduğunu nümayiş etdirib. Azərbaycan tərəfi bu siqnalı ciddi şəkildə qəbul etməlidir. Daha dəqiq desək, “Dəmir yumruğ”un işə düşməsi çox real görünür. 

-Necə düşünürsünüz, sülh prosesi qaldığı yerdən davam edəcək, yoxsa başlanğıca-sıfır nöqtəsinə qayıda bilər?

-Xeyr, ermənilər  Paşinyanın döş nişanındakı Ermənistan xəritəsinə nail olmağa çalışacaqlar. Yəni Azərbaycan Sovet dövründə Ermənistana verilmiş əraziləri tanısın. Bəziləri deyirlər ki, sülh sazişini imzaladıqdan sonra  ərazi bütövlüyü qarşılıqlı şəkildə tanınmalıdır. Təbii ki, tanınmalıdır. 

Lakin hansı ərazi bütövlüyündən söhbət gedir? Paşinyanın təsəvvür etdiyi kimi, yoxsa başqa cür ərazi bütövlüyü? Bu, uzun danışıqların nəticəsi olacaq. Ermənistanın işğalçı siyasətini neytrallaşdırmaq üçün Qərbi Azərbaycan mövzusu bizə uzun müddət lazım olacaq. Onun icrası üçün bizə Cənab Prezidentin dediyi kimi, Azərbaycana yalnız avtomobillər deyil, tanklar da lazım olacaq. Bu, mənim şəxsi fikrimdir. 

-2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh müqaviləsi qüvvədə qalacaq, yoxsa razılaşma pozula bilər? 

- O, layihə kimi qalır. Həmin sənəddən irəli gələn şərtlər həyata keçirilirmi? Ermənistan tərəfdə  bununla bağlı bölünmə var. Hakimiyyət sülhdən danışır, müxalifət, diaspor  ardıcıl şəkildə Qarabağ mövzusunu gündəmə gətirir. 

Qarabağla əlaqədar beynəlxalq məhkəmələrə altı yüzə yaxın müraciət var. Bu baxımdan, siyasi   qarşıdurma davam edir. Paşinyanın əsas məqsədi Ermənistan SSR-in sərhədlərini təsbit etmək, bundan sonra Qarabağ məsələsini ərazi mövzusundan insan hüquqları probleminə çevirmək, üçüncü mərhələdə Azərbaycana təzyiq etməkdən ibarətdir. Çünki sifarişçilər ondan Azərbaycana və Türkiyəyə qarşı bunu istəyirlər. Bu, həm Rusiya və İran, həm də Fransadır. 

Amma belə rəy formalaşmışdı ki, bütün məsələlər razılaşdırılıb və sadəcə, yekun sazişə imza atmaq qalıb. Sovet dövründə konstitusiya var idi və Qarabağ Azərbaycanın tərkib hissəsiydi. 

Amma bu, ermənilərə ərazi iddialarını həyata keçirmək üçün mane olmayıb. Roma Hüququnun əsas şərtlərindən biri belədir ki, istənilən saziş onu qəbul edən tərəflərin ona sadiq olduğu vaxta qədər qüvvədədir. Əgər bunu istəmirlərsə, saziş də pozulur. 

- Əgər Ermənistan konstitusiyası dəyişmirsə, sülh müqaviləsi imzalanmırsa, biz Ermənistanla ticarəti davam etdirməliyik, ya yox? 

- Bu məsələdə taktiki addımlar praktiki şəkildə öz həllini tapacaq. TRIPP layihəsinin necə icra olunacağına, bizə hansı şərtlərin və güzəştlərin verilməsinə baxacağıq. Yəni bundan təzyiq mexanizmi kimi istifadə olunmasını istisna etmirəm. 

- Yəni lazım gəlsə, ticarəti dayandırmalı, lazım gələrsə, davam etdirməliyik?

- Xeyr. Azərbaycan istisnasız olaraq, Ermənistana tranzit yüklərin daşınmasına icazə verir və məhsullar göndərir. Əgər Azərbaycan istəsə, bunu etməyə də bilər. 

Baxın, "907-ci düzəliş" ləğv edilməyib. Onu da belə əsaslandırırlar ki, guya Ermənistan blokadadır. Yəni taktiki baxımdan, büzim üçün əlverişli olsa, Azərbaycan da ondan istifadə edəcək. 

- Rusiyanın da iqtisadi təzyiqləri fonunda Azərbaycanın ixracatı dayandırması Paşinyanın hakimiyyətdən devrilməsinə gətirib çıxara bilərmi? 

- Mən bu nağıllara inanmıram. Ermənilər hər yerdə deyirlər ki, ixracat, adambaşına düşən ümumi daxili məhsul artıb. Sanksiyalarla Ermənistan avtomobil istehsalına başlayıb? Ərikdən başqa heç nə ixrac etmir. 

Bunlar hamısı görüntüdür. Ermənistanın 500 milyon dollarlıq qızıl ticarəti var. Amma bu qızıl Rusiyadan Ermənistana daxil olmayıb. Sadəcə, kağız üzərindədir. Amma bu, ümumi daxili məhsula əlavə olunur. Belə çıxır ki, ermənilər bizdən varlıdır? 

Eyni ticarət əməliyyatları Gürcüstanla da mövcuddur. Biz nefti, qazı ixrac edirik. Ermənistan nəyi ixrac edir? Rusiyanın qızılını? Ona görə də Rusiyanın Ermənistana təzyiqləri barədə deyilənlər nağıldır. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”