Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur: Bu adları yadda saxlayın, gərək olacaq

Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur: Bu adları yadda saxlayın, gərək olacaq

“İsrailin İrana qarşı hava zərbələri, SEPAH generallarının öldürülməsi və ABŞ-nin İranın nüvə obyektlərinin vurulması gözlənilən idi”. 

Bu sözləri Güney Azərbaycan üzrə arşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Donald Tramp ABŞ Prezidenti seçiləndə ABŞ-İsrail ittifaqının “İran düyünü”nü birdəfəlik həll etmək istəyəcəyi bəlli idi: 

“Çünki məlumat var idi ki, İran nüvə silahı əldə etməyə çox yaxındır. İranın getdikcə təhlükəli gücə çevrilməsi Qərbdə narahatlıqla izlənilirdi. Öncə İranın Yaxın Şərqdəki proksi qüvvələrinə zərbələr endirildi. Sonra da Suriya Tehranın nəzarətindən çıxarıldı. Üstəlik, “Hizbullah” lideri Həsən Nəsrallah və HƏMAS rəhbəri İsmail Haniyə öldürüldü. İlin əvvəli Tramp Prezident vəzifəsinin icrasına başlayanda bilinirdi ki, İsrailin əl-qolu açılacaq və İran son zərbəni alacaq”. 

Ekspert hesab edir ki, artıq 2 həftədir davam edən İsrail-İran toqquşmaları məntiqi sonluğuna yaxınlaşır:

“ABŞ İranın 3 nüvə mərkəzini məhv edib, Tehranın hava məkanı isə İsrailin nəzarəti altındadır.  SEPAH-ın bütün generalları məhv edilib və İranın dövlət qüruru sındırılıb. 46 illik molla rejimi hələ tarixində bu qədər nüfuz itkisi ilə rastlaşmamışdı. İş o yerə çatıb ki, artıq Ağ Evdə İranda mümkün rejim dəyişikliyindən danışırlar. Əslində, Trampın rejim dəyişikliyi ilə bağlı sözlərində həqiqət var. İranın hakim vilayəti - fəqih sisteminin “xarizması cizilib” və rejimin qırmızı cizgiləri tapdalanıb. Bu gün hərbi əməliyyatlar dayansa belə İranda rejimi qoruyub saxlamaq mümkün olmayacaq. Xameneyi rejimi artıq tarixin küllüyünə doğru yola çıxıb. Bəs molla rejimindən sonra İranın taleyi necə olacaq? İndi bu çoxlarını bu sual düşündürür”. 

Elman Cəfərlinin sözlərinə görə, İranın parçalanması haqqında deyilənlər o qədər də real görünmür:

“İranda rejim dəyişə bilər, ancaq mütləq mərkəzi hakimiyyət qalacaq. Böyük ehtimalla, yeni rejim sekulyar sistemə əsaslanacaq. Yəni devrilən dini rejim teokratiya olacaq. Hazırkı rejim daxilində islahatçılar qanadının bir müddət ölkəni idarə edəcəyi gözlənilir. Türklərin isə yeni hakimiyyətdə ağırlığı artacaq. Ola bilər ki, ölkədə türk dili ikinci rəsmi dil elan olunsun”.

O qeyd edib ki, mövcud proseslər fonunda Güney Azərbaycanda hansısa siyasi rejimin yaranması zəif ehtimaldır: 

“Çünki İran boyda dövlətdə siyasi ağırlığı olan qüvvələr fəaliyyətlərini niyə dar bir məkanla məhdudlaşdırsınlar ki? Amma mühafizəkar qüvvələr, şovinist dairələr “kürd kartı”nı işə salsalar, o zaman Güneydə hadisələr başqa istiqamətdə cərəyan edəcək. Özünüqoruma instintiki xalqı ayaqlandıracaq və Təbrizdə müstəqil siyasi iqtidarın yaranmasına doğru addımlar atılacaq. 

O halda isə proseslərin önündə bir zamanlar İran parlamentində ana dilinə azadlıq tələb etmiş Əhməd Əlirzabeygi, Əkbər Ələmi, Nadir Qazipur kimi siyasi fiqurlar olacaq. Biz indidən o adamlarla işləməyə başlamalıyıq. Rəsmi qurumlar əlaqə saxlaya bilmir, bəs vətəndaş cəmiyyəti, hüquq müdafiəçiləri niyə passivdir?” 

Elmir Mustafa 
“Cebheinfo.az”