Bakıda 7 bağça istifadəyə verilib

Bakıda 7 bağça istifadəyə verilib

2024-2025-ci tədris ilində başlıca hədəf kimi qarşıya qoyulmuş yeni dövrün çağırışlarına uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün məqsədyönlü fəaliyyət həyata keçirilib.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təhsil sisteminin inkişafını şərtləndirən mühüm istiqamətlər üzrə hədəflərə çatmaq yönündə ciddi addımlar atılıb. 

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilin əhatəliliyi, bərabər imkanlar, rəqəmsal səriştələrin artırılması, məktəb-icma münasibətlərinin genişləndirilməsi və digər istiqamətlər 2024-2025-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.

Ümumi statistika 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 696 təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 513 923 şagirdin təlim-tərbiyəsi ilə 30 169 müəllim məşğul olub.  

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 38 206, IX siniflərini 46 406, XI siniflərini 33 517, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 138 nəfər bitirib.

Məktəbəqədər təhsilin əhatə dairəsi genişlənir

2024-2025-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 342 məktəbəqədər təhsil müəssisəsinə 36 280 uşaq cəlb olunub.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq işlər görülüb.

Belə ki, www.bq.edu.az elektron sisteminə daxil olan vətəndaş müraciətləri, həmçinin növbə sayı çox olan məktəbəqədər təhsil müəssisələrində yeni qrupların fəaliyyətə başlaması üçün mövcud şərait təhlil olunub. Nəticədə paytaxtdakı Ümumilikdə 12 məktəbəqədər təhsil müəssisəsində 17 yeni qrup açılıb.

Həmçinin tədris ilində paytaxt üzrə yeni tikilmiş və əsaslı təmir olunmuş 7 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Belə ki, 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286 və Alim Məmmədov adına körpələr evi-uşaq bağçası) əsaslı təmirdən sonra istifadəyə verilib. Həmçinin 2 yeni məktəbəqədər təhsil müəssisəsi (348 və 349) fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb. 

Xəzər 
"Cebheinfo.az"