Bu kəndə köçənlərə 88 min manat verilir
İtaliyanın Abruzzo bölgəsində yerləşən Santo Stefano di Sessanio kəndi əhali sayının azalmasının qarşısını almaq məqsədilə kəndə köçərək biznes quracaq şəxslərə 44 min avroya qədər (təxminən 88 min manat) maliyyə dəstəyi və aşağı kirayə haqqı ilə mənzil təklif edir.
“Cebheinfo.az” xəbər verir ki, ilkin olaraq cəmi 10 nəfər üçün nəzərdə tutulan proqram qısa müddətdə dünyanın müxtəlif ölkələrindən təxminən 1500 müraciət alıb. Belə ki, cəmi 115 nəfər əhalisi olan kəndin əsas məqsədi gəncləri bölgəyə cəlb etmək və yerli iqtisadiyyatı canlandırmaqdır.
Yerli hakimiyyət kənddə məskunlaşaraq yeni biznes quracaq şəxslərə həm maliyyə dəstəyi, həm də aşağı kirayə haqqı ilə mənzil təqdim edəcək. Proqrama əsasən, kəndə köçən şəxslər üç il ərzində hər il 8 min avroya qədər maliyyə dəstəyi alacaqlar.
Bundan əlavə, kənd iqtisadiyyatına töhfə verəcək biznes quranlara 20 min avroya qədər birdəfəlik qrant ayrılacaq. Beləliklə, təqdim olunan ümumi dəstəyin məbləği 44 min avroya (təxminən 88 min manat) çatır.
İştirakçılar, həmçinin bələdiyyənin ayırdığı aşağı kirayə haqqına malik mənzillərdən də yararlana biləcəklər. Layihəyə müraciət edən şəxslər 18-40 yaş arasında olmalı, Avropa İttifaqında yaşamaq hüququna malik olmalı və kənddə ən azı beş il yaşamağı öhdələrinə götürməlidirlər.
Yerli hakimiyyət kəndin iqtisadi və sosial həyatına töhfə verəcək fəaliyyət sahələrinin yaradılmasını hədəfləyir. İlkin mərhələdə cəmi 10 nəfər üçün nəzərdə tutulan proqram gözləniləndən xeyli böyük maraq doğurub və dünyanın müxtəlif ölkələrindən təxminən 1500 nəfər müraciət edib.
Bələdiyyə rəsmilərinin sözlərinə görə, sərt qış şəraiti və məhdud biznes imkanlarına baxmayaraq, layihənin əsas məqsədi tarixi kəndi qorumaq, gəncləri bölgəyə cəlb etmək və yerli iqtisadiyyatı inkişaf etdirməkdir.
Əfsanə
“Cebheinfo.az”

