Qələbənin təminatı: Azərbaycan əsgərinin milli ruhu

Qələbənin təminatı: Azərbaycan əsgərinin milli ruhu

"26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları arasında yer alır".

Bunu "Cebheinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O bildirib ki, ordumuz Azərbaycanın qürur mənbəyidir:

"Silahlı Qüvvələrimizin bu günü xüsusi qeyd edilir. Çünki Azərbaycan böyük bir tarixi missiyaya, hadisəyə imza ataraq öz torpaqlarını işğaldan azad edib. Cənab Prezidentin liderliyi altında ordumuzun buradakı rolu əvəzedilməzdir. Ordumuzun gücünü bütün dünya gördü. Şəhidlərimizin qanı və canı hesabına torpaqlarımızın azad olunması bir daha sübut etdi ki, təkcə silah və texnika deyil, məhz Azərbaycan əsgərinin ürəyi, onun gözlərindəki qığılcım torpaqlarımızın işğaldan azad olunmasına yol açdı". 

Deputatın sözlərinə görə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun xüsusi diqqət yetirdiyi əsas sahələrdən biri məhz ordu quruculuğu olub:

"1993-cü ildən sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında yeni bir mərhələ başladı və Ümummilli Lider bunun möhkəm bünövrəsini qoydu. Nəhayət, üzərindən 30 il keçdikdən sonra həmin bünövrə əsasında formalaşmış milli ordumuz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi altında torpaqlarımızı işğaldan azad etdi".

Tural Gəncəliyev vurğulayıb ki, ordunun vahid mərkəzdən idarə olunması Azərbaycanın hərbi gücünü artırdı:

"Bu, bir daha göstərdi ki, Ermənistanın torpaqlarımızı işğal etməyə başladığı 1991-1993-cü illər ərzində milli ordunun müxtəlif silahlı qruplaşmaların əlində alətə çevrilməsi və hakimiyyətindəki naşı insanların dövlət idarəçiliyində yol verdikləri ciddi səhvlər ordumuzu zəif vəziyyətə salmışdı. Silahlı Qüvvələrdən öz kürsülərini qorumaq üçün bir-birinə qarşı istifadə edirdilər.

Lakin Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordumuzun vahid mərkəzi komandanlıq əsasında birləşdirilməsi prosesi həyata keçirildi. Beləliklə, zəif ordunu güclü, böyük ürəyə və böyük hədəflərə sahib olan bir ordu əvəz etdi". 

O əlavə edib ki, Azərbaycan əsgərinin milli ruhu ordumuzun əsas üstünlüklərindən biridir:

"Ümumiyyətlə, bir daha bunu qeyd etmək istəyirəm ki, müasir texnikanın və silahların olması yaxşıdır. Bu, ölkənin iqtisadi və hərbi gücünün göstəricisidir. Ancaq təkcə bu kifayət deyil. Müharibələr kontekstində görürük ki, dünyanın ən böyük ordularına malik olan ölkələr belə müəyyən mənada problemlər qarşısında tab gətirə bilmir. Amma Azərbaycan əsgərinin milli ruhu məhz əvəzedilməz bir komponent kimi xüsusi qeyd edilməlidir". 

Deputat bildirib ki, Azərbaycan Ordusunun uğurları dövlətimizin gücünün göstəricisidir:

"Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan milli Silahlı Qüvvələrinin yaradılmasının müasir dövrdəki transformasiyası ümummilli lider Heydər Əliyevin adı ilə tariximizə əbədi həkk olunub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi, həmçinin müdrik, məharətli və uzaqgörən Ali Baş Komandan kimi Silahlı Qüvvələrə rəhbərliyi nəticəsində biz bu uğuru qazandıq.

Silahlı Qüvvələrimiz təkcə Ermənistan ordusuna qarşı deyil, həm də onu dəstəkləyən havadarlarına, keçmiş ATƏT-in Minsk qrupunun üzvlərinə, erməni diasporuna, erməni revanşistlərinə və Ermənistanın işğalçı siyasətinə dəstək verən bütün qüvvələrə qarşı döyüşürdü. Ona görə də Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirəm.

İnşallah, bu uğur Vətənimizin keşiyində əbədi dayanacaq. Məhz buna görə də bütün ölkəmiz bu gün Silahlı Qüvvələr Gününü böyük bayram kimi qeyd etməyə tam haqqı çatır". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"