Avropa ABŞ-dən uzaqlaşdıqca: Türkiyə NATO-da güclənir

Avropa ABŞ-dən uzaqlaşdıqca: Türkiyə NATO-da güclənir

Avropa ölkələrinin ABŞ-ın hərbi dəstəyindən asılılığını azaltmaq və öz müdafiə imkanlarını gücləndirmək istiqamətində atdığı addımlar fonunda Türkiyənin NATO-dakı əhəmiyyəti daha da artır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır.

Məlumata görə, Ankara müdafiə sənayesinin sürətli inkişafı və silah ixracının artması sayəsində alyans daxilində getdikcə daha strateji mövqe qazanır.

Hazırda Türkiyə şirkətləri NATO müttəfiqlərini pilotsuz uçuş aparatları, zirehli döyüş maşınları, hərbi gəmilər, təlim və döyüş təyyarələri, eləcə də elektron müharibə sistemləri ilə təmin edir. Bu isə ölkənin alyansın müdafiə potensialındakı rolunu əhəmiyyətli dərəcədə artırır.

Bloomberg-in məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitindən istifadə edərək Türkiyənin alyans daxilində mövqeyini daha da möhkəmləndirməyə çalışır. Ankara müdafiə xərclərinin üzv ölkələr arasında daha ədalətli bölüşdürülməsini və hərbi məhsulların ticarətinə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını gündəmə gətirməyi planlaşdırır.

Agentlik bildirir ki, 2024-cü ildə Türkiyənin müdafiə ixracının təxminən 56 faizi ABŞ-a, Avropa ölkələrinə və digər NATO üzvlərinə yönəlib. Eyni zamanda, 2020-ci ildən etibarən ölkənin müdafiə sənayesi üzrə xarici satışları dörd dəfə artaraq illik təxminən 10 milyard dollara çatıb.

Bloomberg hesab edir ki, Türkiyənin NATO daxilində artan çəkisi ABŞ-ın regiondakı hərbi mövcudluğunu azaltması, eləcə də Ukraynadakı müharibədən sonra Avropa ölkələrinin təhlükəsizlik strategiyalarını yenidən formalaşdırması ilə birbaşa bağlıdır. Bu dəyişikliklər fonunda Ankara alyansın əsas oyunçularından biri kimi ön plana çıxır.

Aişə Abdulova
“Cebheinfo.az”