Fermerlər çətinlikdə: Subsidiya az, pul tapılmır, gəlir yoxdur
Azərbaycanda aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli istehsalın artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Son illər heyvandarlıq sahəsində məhsuldarlığın yüksəldilməsi, idxaldan asılılığın azaldılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif proqramlar həyata keçirilir.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bu məsələyə diqqət çəkərək bildirib ki, 2030-cu ilədək süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faiz artırılması nəzərdə tutulur. Onun sözlərinə görə, cins heyvanların ümumi sürüdə payının 10 faizə çatdırılması planlaşdırılır.
Nazir müavini qeyd edib ki, proqram çərçivəsində süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd kimi qoyulub.
Bununla yanaşı, özünütəminetmə səviyyəsinin süd üzrə 8,5 faiz, mal əti üzrə isə 11,5 faiz yüksəldilməsi hədəflənir.
İ.Qədimova vurğulayıb ki, bu məqsədlərə nail olmaq üçün südlük və ətlik heyvandarlıq klasterlərinin yaradılması nəzərdə tutulur. Klasterlər çərçivəsində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və onların cins damazlıq heyvanlarla təmin edilməsinə dəstək veriləcək.
Yeni təsərrüfatların yaradılması üçün fermerlərin qarşısında duran əsas maliyyə və infrastruktur problemləri hansılardır?
Mövzu ilə bağlı "Cebheinfo.az" - a açıqlamasında iqtisadçı - ekspert Eyyub Kərimli bildirib ki, fermerlərin qarşılaşdığı problemlərin həlli kənd təsərrüfatında istehsalın və məhsuldarlığın artmasına kömək edə bilər:

"Bu gün ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına ciddi töhfə verəcək proqram qarşıya mühüm hədəflər qoyur. Həmin hədəflərin reallaşdırılması üçün müxtəlif dəstək mexanizmləri, subsidiya proqramları və güzəştlərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, fermerlərin fəaliyyətində müəyyən maliyyə problemləri də mövcuddur. Xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının məhdud olması və bəzi hallarda fermerlərin bu maliyyə alətlərindən tam yararlana bilməməsi müşahidə edilir. Eyni zamanda, bəzi fermerlər sənədləşmə və qeydiyyat proseslərini düzgün aparmadıqları üçün dəstək mexanizmlərindən istifadə zamanı çətinliklərlə üzləşirlər. Bu baxımdan, fermerlərə maarifləndirici və institusional dəstəyin gücləndirilməsinə ehtiyac var".
Onun sözlərinə görə, digər tərəfdən, subsidiyaların ayrı-ayrı sahələr üzrə fərqli həcmdə verilməsi və ya bəzi istiqamətlər üzrə ümumiyyətlə, ayrılmaması çoxşaxəli təsərrüfatların inkişafını çətinləşdirir:
"Fermerlər üçün vacib məsələlərdən biri də enerji və kommunal xidmətlərə çıxışın əlçatanlığı, eləcə də bu xidmətlərin tarifləridir. Hesab edirəm ki, bu istiqamətdə də əlavə dəstək mexanizmlərinin tətbiqi zəruridir. Fermerlərin yetişdirdikləri məhsulların saxlanılması və emalı üçün yaxın ərazilərdə kifayət qədər müəssisələrin olmaması da sahənin inkişafına mənfi təsir göstərir. Bundan başqa, kənd təsərrüfatında yem, gübrə və bəzi digər məhsullar üzrə idxaldan asılılıq qalmaqdadır. Bu istiqamətdə yerli istehsalın təşviqi və özünütəminat imkanlarının artırılması üçün güzəştlərin tətbiqi mühüm dəstək ola bilər".
Ekspert qeyd edib ki, əsas məsələlərdən biri də fermer təsərrüfatlarının uzunmüddətli və əlverişli maliyyə resursları ilə təminidir:
"Çünki bəzi hallarda subsidiyalardan asılılıq fermerləri yalnız dəstək verilən sahələri inkişafa sövq edir, digər istiqamətlər isə diqqətdən kənarda qalır. Nəticədə kənd təsərrüfatının birtərəfli inkişafı formalaşır. Bəzi hallarda isə bazarda izafi təklif yaranır ki, bu da məhsulların vaxtında satılmamasına, hətta sahələrdə qalaraq xarab olmasına səbəb olur. Ona görə də fermerlərin istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsi və bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsi vacibdir. Bu, həm fermerlərin gəlirlərinin artmasına, həm də kənd təsərrüfatının daha dayanıqlı inkişafına xidmət edər".
Gülər Həsənli
"Cebheinfo.az"

