Azərbaycan: Xalq–ordu–dövlət birliyinin ən yaxşı nümunəsi
26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan dövlətçiliyinin və milli təhlükəsizliyinin ən mühüm sütunlarından biri olan ordunun formalaşması və inkişaf yoluna nəzər salmaq üçün əlamətdar tarixdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan milli ordu bu gün regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilib. Son illərdə əldə olunan hərbi uğurlar, xüsusilə ərazi bütövlüyünün və suverenliyin tam bərpası Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və gücünü bir daha nümayiş etdirib.
Bu gün Silahlı Qüvvələr Günü yalnız hərbçilərin peşə bayramı deyil, həm də xalqın orduya olan etimadının, dövlətin müdafiə qüdrətinin və milli həmrəyliyin ifadəsidir.
"Cebheinfo.az"-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib ki, Silahlı Qüvvələr Günü hər bir azərbaycanlı üçün əziz və qürurverici bayramdır:
"Ordu dövlətin əsas atributlarından biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra, cəmi bir ay sonra – 26 iyun 1918-ci ildə Silahlı Qüvvələr yaradıldı.
Bu ordu və Qafqaz İslam Ordusu Bakı, Şamaxı, Quba və Azərbaycanın böyük bir hissəsini bolşevik-daşnak qüvvələrindən azad etdi. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü orduları sırasında önəmli yer tutur. Xüsusi təyinatlılarımız dünyanın müxtəlif ölkələrində keçirilən təlim və yarışlarda daim ön sıralarda yer alırlar. Eyni zamanda, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində Azərbaycan Ordusu öz gücünü bütün dünyaya göstərdi, ərazi bütövlüyünü və suverenliyini necə təmin etməyin mümkün olduğunu nümayiş etdirdi.
Həmçinin vətənpərvərlik sahəsində də ön sıralardayıq. Bu gün Ukrayna, Rusiya və dünyanın bir çox bölgələrində müharibələr gedir və səfərbərlik prosesinin nə qədər çətin olduğunu görürük. Bir çox hallarda insanlar məcburi şəkildə müharibəyə cəlb olunur. Azərbaycanda isə Vətən müharibəsi dövründə insanlar könüllü şəkildə döyüşə getmək istəyir, səfərbərlik və hərbi xidmət orqanlarının qarşısına toplaşaraq Vətən uğrunda döyüşməyə hazır olduqlarını bəyan edirdilər. Bu, xalq–ordu–dövlət birliyinin ən parlaq nümunələrindən biridir”.
Onun sözlərinə görə, Azərbaycanda vətənpərvər gənclik var, ordumuz peşəkardır və bütün qoşun növləri yüksək hazırlığa malikdir:
"Ordumuz müasir silah-sursatla təchiz olunur, hər il yeni texnikalarla gücləndirilir və dövlət bu istiqamətdə böyük vəsait ayırır. Ordumuzun mənəvi-psixoloji hazırlığı və döyüş ruhu da yüksək səviyyədədir. Hərbçilərimizin mənzil şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən ardıcıl addımlar atılır və bu məsələ Ali Baş Komandanın daim diqqət mərkəzindədir".
Ekspert qeyd edib ki, bu gün dünyada baş verən proseslər hər bir ölkənin öz ordusuna və xalqına arxalanmalı olduğunu göstərir:
"Hər bir dövlətin güclü ordusu, müasir silah-sursatı və yüksək döyüş ruhu olmalıdır. Sevindirici haldır ki, bunların hamısı Azərbaycan Ordusunda var. Azərbaycan qardaş Türkiyə və Pakistanla mütəmadi olaraq birgə hərbi təlimlər keçirir və hərbçilərimiz bu təlimlərdə yüksək nəticələr göstərirlər. Biz ordumuzla qürur duyuruq. Başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, bütün Silahlı Qüvvələrin şəxsi heyətini, şəhid ailələrini və xalqımızı təbrik edir, şəhidlərimizin xatirəsi önündə baş əyir, qazilərimizə uzun ömür və can sağlığı arzulayırıq".
Gülər Həsənli
"Cebheinfo.az"

