Okeanda ölüm-dirim mübarizəsi - Möcüzəvi şəkildə sağ qaldı
Kuk Adalarının sakini Junior Apiuta mühərriki sıradan çıxan qayıqla Sakit okeanda səkkiz gün sürükləndikdən sonra möcüzəvi şəkildə xilas edilib.
“Cebheinfo.az” xəbər verir ki, iyunun 11-də Pukapuka adasından təkbaşına balıq ovuna çıxan Apiuta qısa müddət sonra qayığının mühərrikində nasazlıqla üzləşib.
Hava qaraldıqdan sonra mühərrik tamamilə dayanıb, güclü külək isə qayığı açıq dənizə aparıb.
Nəhəng dalğalar, soyuq hava və aramsız yağışla mübarizə aparan balıqçı iki dəfə dalğaların onu dənizə atdığını bildirib. Buna baxmayaraq, qorxuya qapılmadığını, ümidini itirmədiyini və davamlı dua etdiyini deyib.

Ad - 00:14
Apiuta səkkiz gün ərzində cəmi iki şüşə su, balıqçılıq ləvazimatları, vedrə, yorğan və qutudan istifadə edərək sağ qala bilib. O, tutduğu balıqları çiy yeyib, vedrədə yağış suyu toplayaraq susuzluğunu yatırıb, yorğan və qutudan isə soyuqdan qorunmaq üçün istifadə edib.
Balıqçı bildirib ki, ən çətin məqam okeanın onu hara aparacağını bilməməsi olub. O, üçüncü gün uzaqdan balıqçı qayığı gördüyünü, lakin güclü külək səbəbindən ona çata bilmədiyini söyləyib.
Səkkizinci gün isə təyyarə səsi eşidən Apiuta qısa müddət sonra Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus axtarış təyyarəsinin ərazidə dövrə vurduğunu görüb. Bundan sonra hadisə yerinə yönləndirilən Tayvan balıqçı gəmisi onu xilas edib.
Apiuta daha sonra Yeni Zelandiyaya aparılıb və ailəsi ilə əlaqə saxlaya bilib. Onun səhhətinin yaxşı olduğu, yaxın günlərdə isə evinə qayıdacağı bildirilib.
Yaşadığı ağır sınağa baxmayaraq, Apiuta gələcəkdə də balıqçılıqla məşğul olacağını, ancaq bundan sonra daha ehtiyatlı davranacağını deyib.
“Cebheinfo.az”

