Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından "Cebheinfo.az"a verilən məlumata görə, yığma yarışın ikinci günündə aktivinə 8 medal yazdırıb.
Mehdi Abbasov (-81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (-81 kq), Canpolad Əliyev (-100 kq) və Nərgiz Əhmədova (-48 kq) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (-90 kq), Davud Namazlı (-100 kq) və Xədicə Qədəşova (-57 kq) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (-73 kq) gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi Praqa Avropa Kubokunu 2 qızıl, 4 gümüş və 3 bürünc olmaqla ümumilikdə 9 medalla tamamlayıb. Yekun nəticələrə əsasən yığma 33 ölkə arasında ümumi komanda hesabında üçüncü, oğlanların mübarizəsində isə birinci yeri tutub.
"Cebheinfo.az"

