Dünyanın ən zəngin futbolçusu: Sərvəti ilə Ronaldo və Messini geridə qoydu
Dünyanın ən zəngin futbolçusu Portuqaliya ulduzu Kriştiano Ronaldu və ya argentinalı Lionel Messi deyil.
“Cebheinfo.az” "Ekonomi.haber7.com"-a istinadən xəbər verir ki, bu titul Bruney kral ailəsinin üzvü olan Faiq Bolkiaya məxsusdur.
Faiq Bolkia sərvətini futboldan deyil, mənsub olduğu kral ailəsindən miras alıb.
Onun ümumi sərvətinin təxminən 20 milyard ABŞ dolları olduğu qiymətləndirilir.
Bu məbləğ Kriştiano Ronaldo və Lionel Messinin ümumi sərvətini birlikdə belə təxminən 23 dəfə üstələyir.
Hazırda Taylandın Ratçaburi klubunda çıxış edən cinah oyunçusu Faiq Bolkia 2014-cü ildən Bruney milli komandasının da formasını geyinir. Futbol fəaliyyətindən əldə etdiyi gəlir sərvəti ilə müqayisədə olduqca məhduddur.
Onu dünyanın ən varlı futbolçusuna çevirən əsas amil kral ailəsinə mənsub olmasıdır.
Faiq Bolkia mediada digər dünya ulduzları qədər görünməsə də, həm şahzadə, həm də peşəkar futbolçu olması səbəbindən daim diqqət mərkəzindədir.
Bununla yanaşı, futboldan ən çox gəlir əldə edən oyunçuların siyahısına yenə də Kriştiano Ronaldu başçılıq edir.
Onun illik gəliri maaş, bonus və reklam müqavilələri daxil olmaqla təxminən 300 milyon ABŞ dolları təşkil edir.
İllik gəlirlərinə görə ilk 10 futbolçu:
* Kriştiano Ronaldu (“Əl-Nəsr”, Portuqaliya) – təxminən 300 milyon dollar

* Lionel Messi (“İnter Mayami”, Argentina) – təxminən 140 milyon dollar

* Kərim Benzema (“Əl-İttihad”, Fransa) – təxminən 104 milyon dollar

* Kilian Mbappe (“Real Madrid”, Fransa) – təxminən 95 milyon dollar

* Erlinq Haaland (“Mançester Siti”, Norveç) – təxminən 80 milyon dollar

* Vinisius Junior (“Real Madrid”, Braziliya) – təxminən 60 milyon dollar
* Məhəmməd Salah (“Liverpul”, Misir) – təxminən 55 milyon dollar
* Sadio Mane (“Əl-Nəsr”, Seneqal) – təxminən 54 milyon dollar
* Cud Bellinqem (“Real Madrid”, İngiltərə) – təxminən 44 milyon dollar
* Lamin Yamal (“Barselona”, İspaniya) – təxminən 43 milyon dollar.

Bu rəqəmlərə futbolçuların klub maaşları, bonusları və reklam müqavilələrindən əldə etdikləri gəlirlər daxildir.
Yalnız klubların ödədiyi maaşlara nəzər saldıqda isə Səudiyyə Ərəbistanı Pro Liqası diqqət çəkir.
Kriştiano Ronaldunun illik maaşı təxminən 207 milyon avro, Riyad Məhrezin isə təxminən 55 milyon avro təşkil edir.
Beləliklə, futboldan ən çox qazanan oyunçu Kriştiano Ronaldu olsa da, dünyanın ən zəngin futbolçusu statusunu sərvətini kral ailəsindən miras alan Faiq Bolkia qoruyur.
Onun milyardlarla dollarlıq sərvəti futbol meydanındakı qazancından deyil, ailə varidatından qaynaqlanır.
Aişə Abdulova
“Cebheinfo.az”

