Parlament 13 yaşlı uşaqların həbs olunmasına qarşıdır
İsveç ağır cinayətlər törədən 13 yaşlı uşaqların həbsə göndərilməsi planını parlamentdə kifayət qədər dəstək tapılmadığı üçün ləğv edib.
"Cebheinfo.az" xəbər verir ki, ölkədə son illərdə uşaqların zorakılığa meyilli cinayətkar dəstələr tərəfindən öz sıralarına cəlb olunması ciddi problemə çevrilib.
İsveçin ədliyyə naziri Gunnar Strömmer bildirib ki, ötən il 15 yaşdan kiçik 50-dən çox uşaq qətl və ya qətlə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
Bu vəziyyət fonunda ölkənin mərkəz-sağ hökuməti cinayət məsuliyyəti yaşını hazırkı 15 yaşdan 14 yaşa endirəcək qanun layihəsi hazırlamağı planlaşdırır.
Strömmerin sözlərinə görə, cinayət məsuliyyəti yaşının aşağı salınması daha ədalətli və mütənasib cəzaların tətbiqinə imkan verəcək, eyni zamanda reabilitasiya üçün mövcud sistemdən daha yaxşı şərait yaradacaq.
Hazırkı qaydalara əsasən, zorakı cinayətlərə görə məhkum edilən 15 yaşdan kiçik uşaqlar gənclər evlərinə göndərilir.Nazir hesab edir ki, bu sistem bəzi hallarda həmin şəxslərin sonradan yenidən cinayət törətməsinə səbəb olur.
Hökumət sentyabr ayında keçirilməsi nəzərdə tutulan ümumi seçkilər ərəfəsində cinayət məsuliyyəti yaşını iki il deyil, bir il azaltmağı hədəfləyir.
Mövcud səkkiz həbsxanaya uşaqların yetkin məhbuslardan ayrı saxlanılması üçün xüsusi bölmələr hazırlamaq tapşırılıb.
Strömmer jurnalistlərə açıqlamasında bildirib ki, tədbirin məqsədi cəmiyyəti həyati təhlükə yaradan cinayətlərdən qorumaq və əksər hallarda özləri də uşaq olan cinayət qurbanlarını müdafiə etməkdir.
İsveçin uşaq hüquqları təşkilatı Bris-in baş katibi Maria Frisk isə SiS evləri kimi tanınan gənclər müəssisələrinin gücləndirilməsinin daha doğru yol olduğunu bildirib.
O, cinayət məsuliyyəti yaşının 14-ə endirilməsinin vəziyyəti yaxşılaşdıracağına dair heç bir sübut olmadığını vurğulayıb.
Bununla belə, son illərdə bir çox SiS evi cinayətkar şəbəkələrin yeni üzvlər topladığı məkanlara çevrilib.
İsveç Milli Cinayətlərin Qarşısının Alınması Şurasının (Bra) məlumatına görə, ölkədə qətl hadisələrinin sayı on il əvvəlki 87 hadisədən 2023-cü ildə 121-ə yüksəlib. Lakin bu göstərici 2024-cü ildə 92-yə enib.
Nigar Hacılı
"Cebheinfo.az"


