Arzuma buna görə 5,2 il cəza verildi:Hüquqşünas müzakirələrə son qoydu

Arzuma buna görə 5,2 il cəza verildi:Hüquqşünas müzakirələrə son qoydu

Xəbər verdiyimiz kimi, tiktoker İlduzə Hacıyevanın (Arzum) cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 

Hökmə əsasən, Arzum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 5 il 2 ay azadlıqdan məhrum edilib. Tiktoker məhkəmə zalında həbs edilib. Məhkəmə bu hökmü çıxararkən törədilmiş cinayətin ağır nəticələrini, habelə zərərçəkmiş tərəflə barışığın əldə olunmamasını yüngülləşdirici halların tətbiqinə mane olan amil kimi qəbul edib. 

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən Arzum sola dönmə manevri edərkən arxadan gələn “Mercedes” markalı avtomobillə yandan toqquşub. 

Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Arzum isə qəza baş verdikdən sonra zərərçəkmişləri köməksiz vəziyyətdə buraxaraq hadisə yerindən qaçıb. 

O, eyni gündə Almaniyaya gedib. Həmin ölkədən heç nə olmamış kimi fəaliyyətinə davam edib, oynaya-oynaya videolar paylaşıb. Sosial şəbəkələrdə bir çox insan onun aldığı cəzanın doğru olduğunu desə də, bəziləri Arzumun günahsız olduğunu və ona dəstək verdiyini bildirib. 

Məhkəmə zamanı bəzi şəhid və qazi ailələrinin də Arzuma dəstəyə cəlb olunması diqqət çəkib.

“Cebheinfo.az” xəbər verir ki, tanınmış hüquqşunas, keçmiş müstəntiq Müşfiq Abbasov sosial şəbəkə hesabında bu məsələ ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, ən problemli hallardan biri avtomobil qəzası törətmiş şəxslərin hadisə yerindən qaçmasıdır: 

“Birdəfəlik bilin ki, hadisə yerindən qaçan və zərərçəkmişi köməksiz vəziyyətdə qoyan sürücü 99 faiz aşkar olunur. Çünki hər tərəf kamera ilə doludur. Amma diqqəti bir şeyə cəlb etmək istəyirəm. Avtoqəza etmiş şəxsin cinayəti ehtiyatsizlıqdan, zərərçəkmişi hadisə yerində köməksiz vəziyyətdə qoyub qaçması isə qəsdlə baş verir. 

Təbii ki, bu gələcəkdə məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və heç də təqsirləndirilən şəxsin xeyirinə deyil. Ölümlə nəticələnmiş avtoqəzalarda isə mütləq zərərçəkmiş tərəflə barışıq tələb olunur. 

Əgər belə barışıq yoxdursa, məhkəmələr 99 faiz 5 ildən artıq azadlıqdan məhrum etmə cəzası verir ki, təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə deyil, ümumi rejimli çəzaçəkmə müəssisəsinə getsin”. 

M. Abbasov əlavə edib ki, bu günlərdə sosial şəbəkələrdə geniş müzakirə olunan məsələ, yəni Arzum ləqəbli tiktoker qadına dövlət ittihamçısının CM-nin 263.2 və 264-cü maddələri ilə ümumilikdə 5,9 il azadlıqdan məhrum etmə cəzasını tələb etməsinin mahiyyəti də bununla bağlıdır: 

“Ehtimal edirdim ki, məhkəmə hökmündə həmin qadın 5,5 il müddətinə azadlıqdan məhrum edilib məhkəmə zalında da həbs ediləcək və cəzasını da ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Odur ki, avtoqəzada vacib iki şərti unutmayın. 1. Zərərçəkmişi həkimə çatdırmaq, bu, mümkün olmadıqda hadisə yerini tərk etməmək. 2. Ölüm varsa, mütləq zərərçəkənlərlə barışıq əldə etmək...” 

Gülər Həsənli 
“Cebheinfo.az”