Bakıdan İrəvana getdi: Qovluğunda nə apardı?
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin Balkıya və İrəvana səfər proqramı zəngin olsa da, Azərbaycanla Ermənistan arasında sülhün reallaşmasına dəstək məsələsi əsas yer tutur.
Ursula Fon der Lyayen son onilliklər ərzində regionun ən mühüm hadisəsi kimi “Sülh” terminini xüsusi vurğulaması Avropa İttifaqının postmünaqişə dövrü konyukturunun formalaşmasında yaxından iştirak etmək istəyindən xəbər verir.
Azərbaycanla Ermənistan arasında sülhün yaranması 1988-ci ildən bəri ilk dəfə bölgədə sabitliyin tam bərqərar olması deməkdir. Bu isə Avropa İttifaqına Cənubi Qafqaz və Mərkəzi Asiya ilə nəqliyyat-ticarət əlaqələrinin qurulması üçün yeni marşrutların açılması üçün perspektivlər vəd edir.
Lakin Brüssel istər Azərbaycan və Ermənistanla, istərsə də bu ölkələr vasitəsilə tranzit əməkdaşlıq imkanlarının yalnız sülh müqaviləsinin imzalanmasından asılı olduğunu nəzərə alır.
Xanım Lyayenin və Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosun əvvəl Azərbaycana, sonra isə Ermənistana səfərləri məhz tərəfləri sülhə təşviq etmək məqsədi daşıyır.
Ermənistanda parlament seçkiləri artıq başa çatıb və Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının qalib gəlməsi 2025-ci il avqust ayının 8-də Vaşinqtonda Azərbaycanla paraflanmış sülh sazişini davam etdirməyə imkan verir.
Avropa İttifaqı və ABŞ 2026-cı ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ancaq sülhün reallaşması Ermənistan Konstitusiyasına dəyişiklik ediləcəyi halda mümkün ola bilər.
Bu baxımdan, Avropa İttifaqı rəsmilərinin öncə Bakıya səfər etməsi Azərbaycanın sülh şərtlərinin və siyasi mesajların Ermənistana çatdırılması üçün əlverişli imkan yaradır.
Çox güman ki, Ursula Fon der Lyayen Ermənistan Konstitusiyasına dəyişiklik məsələsini Nikol Paşinyanla keçirilən qapalı görüşdə müzakirə edib.
Bu barədə ictimaiyyətə açıqlama verilməsə də, Avropa Komissiyasının sədri hələ Bakıda olarkən tezliklə sülh müqaviləsini imzalamağa yönəlik açıqlaması həm də Ermənistana ünvanlanmışdı.
Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi hakim partiya konstitusion çoxluğu qazana bilməməsi rəsmi İrəvana ali qanuna dəyişikliklərdən yayınmaq üçün əlavə manevr imkanları açır.
Lakin Rusiyanın siyasi və iqtisadi təzyiqləri qarşısında Paşinyan Avropa İttifaqının şərtlərini qəbul etmək məcburiyyətindədir. Bu mənada, Ursula Fon der Lyayenin sülh tələbi Ermənistanı Konstitusiyaya dəyişiklik etməyə sövq edə bilər.
“Vətəndaş Müqaviləsi” partiyasının Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna dəyişikliklər etməklə konstitusiyanı dəyişmək təşəbbüsü Paşinyanın sülhdən imtina etmək niyyətində olmadığını göstərir.
Çünki Paşinyan son seçkilərdən sonra əvvəlki qədər güclü olmayacaq hakimiyyətinin əsas zəmanətçisi kimi Qərbdən daha çox sülh müqaviləsinin çıxış edəcəyini anlayır.
Müşfiq Abdulla
“Cebheinfo.az”

