Qabiliyyət imtahanı niyə pullu olmalıdır?

Qabiliyyət imtahanı niyə pullu olmalıdır?

Ölkənin ali məktəblərinə qəbul imtahanları və qabiliyyət imtahanlarına qeydiyyat başlayıb. 

Ancaq təkcə qəbul imtahanlarının ikinci cəhdində yox, həm də qabiliyyət tələb olunan imtahanlar zamanı abituriyentlərin müəyyən məbləğdə vəsait ödəməsi tələb olunur. Qeyd edək ki, hazırda ali məktəblərə qəbulda birinci cəhd imtahanları keçirilir. Qabiliyyət imtahanı da qəbul imtahanlarının tərkib hissəsi hesab edilir. 

Valideynlər isə sosial şəbəkələrdə bildirirlər ki, ən azından cari ilin məzunları üçün qabiliyyət imatahanları pulsuz olmalıdır. Ümumiyyətlə, qabiliyyət imtahanı qəbul imtahanlarının tərkib hissəsidirsə, niyə ödənişli olmalıdır? Yaxud qəbul imtahanları kimi qabiliyyət imtahanını da ilk cəhddə pulsuz, ikinci cəhddə pullu olmaq şərtilə 2 dəfə keçirmək mümkündür? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, cari ildə məktəbi bitirən şəxslər üçün ali təhsil müəssisələrinə və kolleclərə bir qabiliyyət imtahanı pulsuzdur: 

“Qabiliyyət imtahanı qəbul imtahanının tərkib hissəsi deyil, bu, ayrı keçirilir. Başqa komissiya təşkil olunur, eləcə də başqa resurs sərf olunur. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğu və bu imtahanlar ayrı təşkil olunduğu üçün hər qabiliyyət komissiyasına görə 40 manat ödəniş alır. Burada istisna odur ki, cari ilin məzunları bir ali təhsil müəssisəsinə, yaxud kollecə bir pulsuz imtahana pulsuz girə bilir. 

Qabiliyyət imtahanında işçilərə ödəniş olunur. Ona görə də bu imtahan ödənişli keçirilir. DİM də publik hüquqi şəxs olduğu üçün imtahanları pullu keçirməsi normal qarşılanır”.

O ki qaldı ödəniş zamanı 40 manatın tətbiq olunmasına, ekspert deyir ki, qiyməti Tarif Şurası tətbiq edib:

“Yəni, Tarif Şurası xərcləri müəy yənləşdirib, bu məbləği təyin edib. Artıq bunun doğru, yaxud məbləğin yüksək olması maliyyəçilər tərəfindən qiymətləndirilə bilər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”