5 min kilometrdən əməliyyat: Dünyada İlk

5 min kilometrdən əməliyyat: Dünyada İlk

Çinli cərrah Prof. Dr. Ronq Liunun rəhbərlik etdiyi tibb qrupu, ilk dəfə olaraq Pekindəki iki xəstəni təxminən 5 min kilometr uzaqlıqdakı Tibetdən, inkişaf etmiş peyk texnologiyası ilə dəstəklənən robotik cərrahiyyə sistemi vasitəsilə uğurla əməliyyat edib.

“Cebheinfo.az” xəbər verir ki, 105 və 124 dəqiqə davam edən qaraciyər və damar əməliyyatlarından sonra hər iki xəstə sağlığına qovuşub və 24 saat ərzində evə buraxılıb.

Belə ki, həkim, 68 yaşlı qaraciyər xərçəngi və 56 yaşlı qaraciyər hemanjiyomu olan xəstələrin əməliyyatına, təxminən 5 min kilometr uzaqlıqdakı Tibetdən peyk bağlantısı və robotik texnologiya vasitəsilə qatılıb.

Əməliyyat zamanı ənənəvi 5G texnologiyaları məsafə baxımından məhdudiyyət yaratdığı üçün, həkimlər "Apstar-6D" adlı peykə bağlanaraq siqnal gecikməsini minimuma endiriblər.

105 və 124 dəqiqə davam edən əməliyyatlar, fasiləsiz məlumat axını ilə yüksək dəqiqliklə yerinə yetirilib. Bu texnologiya sayəsində təxminən 5 min kilometrə qədər məsafədən yüksək dəqiqlikli əməliyyatlar aparmaq mümkün olub.

Kosmik texnologiyaların köməyi ilə məsafənin artırılması, gələcəkdə müharibə və təbii fəlakət bölgələrində də uzaqdan cərrahiyyə əməliyyatlarının həyata keçirilməsini mümkün edəcək.

Qeyd edək ki, peşəkarlıq səviyyəsi ilə fərqlənən tibb işçiləri əslində yeni dövrün əsasını qoyurlar. Belə ki, Azərbaycana gələ bilməyən məşhur çinli həkimlər xəstələri uzaqdan da əməliyyat edə bilərlər.

Hazırda Bakı ilə Pekin arasındakı məsafə (hava yolu ilə) təxminən 5,600 kilometrdir. Digər nəqliyyat vasitələriylə məsafə (avtomobilləri, qatarları, gəmiləri aid etmək olar) isə 7,000 km-dən çox ola bilər.

Əfsanə Rəcəb
“Cebheinfo.az”