Xankəndidən dünyaya MESAJ

Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü keçirilir.
Azərbaycan artıq üçüncü dəfədir ki, İƏT görüşünü təşkil edir, lakin bu dəfə tədbir xüsusi əhəmiyyət kəsb edir, çünki sammit Xankəndidə keçirilir. Zirvə görüşündə regional ticarət, enerji, nəqliyyat, dayanıqlı inkişaf, sosial inklüzivlik kimi məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə bu təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.
1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.
2023-cü ilin noyabrında Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı keçirilib.
İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində keçiriləcək Zirvə Görüşü ilə bağlı millət vəkili Tahir Rzayev “Cümhuriyət”-ə bildirib ki, bu görüş Azərbaycanın dünyada artan nüfuzunun ifadəsidir:
“Çünki Azərbaycan bu gün dünyanın iqtisadi cəhətdən ən inkişaf edən ölkələrindən biridir. Bunu bir çox yüksək səviyyəli maliyyə qurumları da təsdiq edir. Digər tərəfdən, Azərbaycan dünyaya açıqdır.
Dünya ölkələri ilə iqtisadi əməkdaşlığa çox böyük önəm verir. Azərbaycan Prezidenti özünün bütün çıxışlarında iqtisadi amilləri ön plana çəkməklə ölkəmizin uğurlarında iqtisadi inkişafın böyük rol oynadığını diqqətə çatdırır.
Dünyanın ən nüfuzlu təşkilatlarından olan İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunmaq və bunun yüksək səviyyəli tədbirinin Azərbaycanda keçirilməsi deməyə bir daha əsas verir ki, Azərbaycan inkişaf yolundadır və bu görüşdə iqtisadi inkişafla, dünyada baş verən hadisələrlə əlaqədar bir çox problemlər, nəticələr qarşıya qoyulacaq, müzakirə olunacaq”.
Deputat bildirib ki, Azərbaycan da dünyanın bir parçası kimi bu proseslərdə daim fəal olmaq əzmindədir və nəticələr bunu göstərir:
“Azərbaycanda keçirilən bir çox forumlar, iqtisadi, sosial tədbirlər dünya üçün faydalıdır və ilk növbədə Azərbaycanın gələcək inkişafına hesablanıb. Xankəndində keçirilən bu görüş də öz faydalarını verəcək və Azərbaycanı dünyaya iqtisadi cəhətdən inkişaf edən bir ölkə kimi təqdim edəcək”.
Nigar Abdullayeva
"Cebheinfo.az"