İctimai və dövlət maraqlarının qorunması: Əhəmiyyəti, mexanizmləri və perspektivi

İctimai və dövlət maraqlarının qorunması: Əhəmiyyəti, mexanizmləri və perspektivi

İSTİQAMƏT: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi

“Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”.

Bu fikri Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib. Günümüzdə baş verən hadisələr bir daha bu fikrin bütün dövlət üçün nə qədər aktual və vacib olduğunu göstərir. Ümumi yanaşsaq, ictimai və dövlət maraqlarının qorunması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Müasir dünyada həm ictimai, həm də dövlət maraqlarının qorunması cəmiyyətin sabit və davamlı inkişafının əsas şərtlərindən biridir. Bu anlayışlar bir-biri ilə sıx bağlı olub, insanların təhlükəsizliyindən tutmuş iqtisadi rifaha, milli kimliyin qorunmasından hüquq və ədalət prinsiplərinin təmin edilməsinə qədər çox geniş bir spektri əhatə edir. İctimai maraqlar cəmiyyətin ümumi rifahını, ədalət və bərabərliyi nəzərdə tutursa, dövlət maraqları ölkənin suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizlik və siyasi sabitliyi ilə bağlıdır.

İctimai maraqların qorunması nədir?

İctimai maraqlar insanların ortaq mənafelərini ifadə edir. Buraya aşağıdakılar daxildir:

*hüquq və azadlıqların təmin olunması;
*sosial ədalətin bərqərar edilməsi;
*ətraf mühitin qorunması;
*sağlam rəqabət və iqtisadi inkişaf;
*mədəni və tarixi dəyərlərin mühafizəsi.

İctimai maraqların qorunması hüquqi dövlətin əsas funksiyalarından biridir və vətəndaşların dövlətə olan inamını möhkəmləndirir. Əgər ictimai maraqlar lazımi səviyyədə qorunmasa, bu, cəmiyyətdə narazılığa, etimadsızlığa və hətta münaqişələrə səbəb ola bilər. Bu gün ölkədəki sabitliyin, firəvanlığın əsasında da məhz bu amil dayanır.

Dövlət maraqlarının qorunması nədir?

Dövlət maraqları isə bir ölkənin müstəqilliyi, milli təhlükəsizliyi, siyasi və iqtisadi suverenliyi ilə bağlı mənafeləri əhatə edir. Dövlət maraqlarına təhdid yaradan istənilən faktor bütövlükdə xalqın rifahına mənfi təsir göstərir. Dövlət maraqlarının qorunması üçün əsas istiqamətlər bunlardır:

*dövlət suverenliyinin müdafiəsi;
*sərhədlərin toxunulmazlığı;
*milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi;
*milli iqtisadiyyatın inkişafı və müdafiəsi;
*beynəlxalq aləmdə milli maraqların təmin edilməsi.

Dövlət maraqları həm də onun beynəlxalq münasibətlərdə mövqeyini gücləndirir, ölkənin milli dəyərlərini və siyasi dayanıqlığını qoruyur.

Niyə bu iki maraq qorunmalıdır?

Bu ilk növbədə sosial sabitliyi qorumaq üçün vacibdir. İctimai və dövlət maraqlarının qorunması cəmiyyətin sabitliyinə zəmin yaradır. Sabitlik olmayan yerdə inkişaf da mümkün deyil. İnsanların hüquqları tapdananda və ya dövlətin maraqları təhlükəyə düşəndə qarşıdurmalar, sosial böhranlar baş qaldırır. 

Digər vacib məqam isə odur ki, hüquq və ədalət prinsiplərinin bərqərar olması üçün dövlət maraqlarının qorunması zəruridir. Cəmiyyətdə hüquq və ədalət prinsiplərinin bərqərar olması ictimai maraqların qorunması ilə sıx bağlıdır. Dövlətin maraqları qorunduqda isə bu prinsipləri həyata keçirmək üçün əlverişli şərait yaranır.

Milli kimliyin və dəyərlərin qorunması baxımından da dövlət maraqlarının ön planda olması vacibdir. Xüsusilə kiçik dövlətlər üçün milli kimliyi qorumaq böyük əhəmiyyət kəsb edir. Mədəni irs, dil və ənənələr dövlətin əsas sütunlarıdır və onların qorunması həm ictimai, həm də dövlət maraqları baxımından həyati vacibdir.

Dövlət maraqlarının müdafiəsi iqtisadi inkişaf üçün zəruri hesab olunan məqamlardadır. Belə ki, iqtisadi rifah yalnız şəffaf idarəetmə, korrupsiyanın azaldılması və hüquqi mühitin möhkəmləndirilməsi ilə mümkündür ki, bu da həm ictimai, həm də dövlət maraqlarının qorunmasına bağlıdır.

Bəs bu maraqlar necə qorunur?

İlk növbədə dövlət maraqları qanunvericilik vasitəsilə qorunur ki, bu da hüquqların və vəzifələrin aydın müəyyən olunması şəklində tənzimlənir. Məhkəmə və hüquq-mühafizə orqanları vasitəsilə də bu maraqlar qorunur və bu da pozuntulara qarşı mübarizədə üsullardan biridir.

Digər tərəfdən, ictimai nəzarət və vətəndaş cəmiyyəti institutları vasitəsilə ( medianın, QHT-lərin fəaliyyəti), təhsil və maarifləndirmə yolu ilə (vətəndaşların hüquqi savadlılığının artırılması), beynəlxalq əməkdaşlıq vasitəsilə də ( qlobal təhlükəsizlik və iqtisadi tərəfdaşlıq çərçivəsində maraqların müdafiəsi) dövlət maraqlarının qorunması istiqamətində işlər aparılır.

Gələcək perspektivlər...

Dünyada baş verən sürətli texnoloji və siyasi dəyişikliklər fonunda həm ictimai, həm də dövlət maraqlarının qorunması daha da çətin və aktual məsələyə çevrilir. Yeni çağırışlara cavab olaraq rəqəmsal hüquqların qorunması, kibertəhlükəsizlik, informasiya müharibələrinə qarşı mübarizə kimi sahələr də bu anlayışların ayrılmaz hissəsi olacağı mütəxəssislər tərəfindən bildirilir.

Göründüyü kimi, ictimai və dövlət maraqlarının qorunması cəmiyyətin sağlam və davamlı inkişafının əsas şərtidir. Bu istiqamətdə həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyətinin üzərinə mühüm vəzifələr düşür. Güclü dövlət və güclü cəmiyyət ancaq bu maraqların balanslı şəkildə qorunması ilə mümkündür.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”