Rusiyada bu mütəxəssislərə ehtiyac artıb

Rusiyada bu mütəxəssislərə ehtiyac artıb

 

Şimali Koreya ilə qurduğu ittifaqı dərinləşdirən Rusiya, bu ölkədən gələn on minlərlə inşaat işçisini yönləndirmək məqsədilə koreya dilini bilən tərcüməçilər və mədəniyyət mütəxəssisləri axtarır. 

"Cebheinfo.az" xəbər verir ki, “Daily Storm” xəbər portalının məlumatına görə, Moskva və Sankt-Peterburq kimi şəhərlərdə koreya dilini bilən sahə üçün uyğun kadrlar üçün 4 min dollara qədər maaş təklif olunan elanlar böyük iş axtarış saytlarında və “Telegram” kanallarında yerləşdirilməyə başlanılıb.

Moskvada yerləşən tikinti şirkəti “Strana Development”, paytaxtda yerləşən bir tikinti sahəsində çalışacaq, Şimali Koreya mədəniyyətinə bələd olan tərcüməçi axtardığını açıqlayıb.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, hər həftə 30–35 Şimali Korelinin qruplar halında ölkəyə daxil olduğu və bu işçilərin adaptasiyası, iş təhlükəsizliyi barədə maarifləndirilməsi və gündəlik iş rejimlərinin təşkili üçün tərcüməçilərə ehtiyac duyulduğu bildirilib.

Eyni zamanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MGIMO), koreya dilində hərbi tərcüməçi müəllimi vakansiyası üçün elan verib.

Rəsmi açıqlamalara əsasən, hazırda Rusiyada təxminən 15 min Şimali Koreli işçi çalışır. Bu sayın ilin sonuna qədər 50 minə çatması gözlənilir.

Nigar Hacılı 
"Cebheinfo.az"