Deputat: "Rus məktəbləri və kanalları bağlanmalıdır"

“Rusiyanın Azərbaycana yönəlik sərt münasibəti bugünün və ya dünənin məsələsi deyil. Azərbaycanın ən azından son 200 ildə başına gələn bəlaların kökündə Rusiya amili durur”.
Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib.
O xatırladıb ki, zamanında Azərbaycan ikiyə bölünməsində də Rusiya faktoru vardı:
“Həmçinin, Qarabağın işğal olunmasının və bu prosesin 30 ilə yaxın müddət davam etməsində də Rusiya amili olub. Xocalı faciəsində də Rusiyanın 366-cı motoatıcı alayının olması faktlarla sübuta yetirilib.
Rəsmi Moskva bu siyasətini hər zaman davam etdirib. Azərbaycan qonşu dövlətlərlə, o cümlədən də Rusiya ilə bərabər hüquqlu müstəvidə münasibətlərin davam etdirilməsində maraqlıdır.
Təəssüflər olsun ki, Rusiya Azərbaycana qarşı zaman-zaman düşmən mövqeyində olub. Bəlkə də, rəsmi Moskavanın ölkəmizə qarşı düşmən mövqeyindən dərs çıxarmamışıq. Təbii ki, dövlət olaraq bunun fərqində olmuşuq, amma millət olaraq bu məsələləri diqqət almamışıq”.
Millət vəkili bildirib ki, Azərbaycandakı rus məktəbləri və telekanalları bağlanmalıdır:
“Bu gün Azərbaycanda 350-dən artıq rus məktəbi var. Təəssüflər olsun ki, bəzi vətəndaşlarımız uşaqlarını rus məktəblərinə aparmağı seçirlər.
Guya övladlarının rus məktəblərində daha yaxşı təhsil alacaqlarını düşünürlər. Ancaq artıq çox ciddi nəticə çıxarmağın vaxtıdır. Hesab edirəm ki, Azərbaycanda dövlət hesabına olan rus məktəbləri bağlanmalıdır. Həmçinin, Rusiya kanallarının da Azərbaycanda yayımı dayandırılmalıdır.
Rus dili tədrisi sadəcə ödənişli əsaslarla olmalıdır. Çünki dövlət tərəfindən maliyyələşən rus məktəblərinin qalması rus təfəkkürünün Azərbaycanda rüşeym atmasına gətirib çıxarır”.
Deputat Rusiyanın Azərbaycana qarşı aqressiyasının səbəbindən də danışıb:
“Sirr deyil ki, Azərbaycanda rusiyameyilli qüvvələr də zamanında daha çox olub, indi də yox deyillər. Xüsusilə də son dönəmdə Rusiyanın Azərbaycana qarşı aqressiyası artıb.
Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, suverenliyini və ərazi bütövlüyünü tam olaraq bərpa etməsi Rusiyada qıcıq yaradır. Onlar regionda yaranan yeni siyasi reallıqlarla barışmaq istəmirlər. Fikrimcə, ölkəmizə qarşı aqressiya da oradan qaynaqlanır.
Lakin unutmasınlar ki, Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Ölkəmizə qarşı istənilən bu cür həmlələrin qarşısını almaq gücündədir. Heç kəs Azərbaycan dövlətinə yuxarıdan aşağı baxaraq danışa bilməz. Son baş verən hadisələr fonunda da rəsmi Bakının mövqeyi kifayət qədər obyektiv və doğrudur”.
O diqqətə çatdırıb ki, Rusiya artıq şovunizm siyasətini açıq şəkildə göstərir:
“Ötən ilin 25 dekabr tarixində Rusiya ərazisində Azərbaycanın sərnişin təyyarəsinin vuruldu. Lakin Rusiyanın beynəlxalq-hüquqi müstəvidə heç bir addım atmadı. Nə üzrxahlıq etdi, nə də təzminat ödədi. Hətta bu cinayət əməlinin kim tərəfindən törədilməsi və əmri kimi verdiyi kimi sualların da cavabsız qalması Rusiyanın dövlət siyasətidir.
Rusiya rus şovinizm siyasətini artıq dövlət səviyyəsində, dövlət qurumlarının əli ilə həyata keçirməkdədir. Açıq-aşkar dövlət qurumları tərəfindən cinayət əməllərinə yol verilir.
Soydaşlarımız işgəncələrə məruz qalıb, onlara qeyri-insani şəkildə davranılıb, hətta vəhşicəsinə öldürülüb. Bütün bunlar rus dövlət qurumları tərəfindən həyata keçirilib. Bu, artıq rus şovinizmini dövlət səviyyəsində diktə edilməsinə cəhddir”.
Arzuxan Əlizadə vurğulayıb ki, bu cinayətkarlar layiqli cəzalarını almalıdır:
“Bununla bağlı da ən azından Rusiya Prezidenti Vladimir Putin də öz mövqeyini bildirməlidir. Əgər mövqe bildirilməyəcəksə, deməli, bu, birbaşa Rusiyanın ali rəhbərliyi tərəfindən idarə olunan və yürüdülən siyasətdir.
Təbii ki, biz bunun arxasında nəyin dayandığını bilirik. Ukraynada baş verənlər fonunda Rusiyanın sivil cəmiyyətinin olmaması, sivil dövlət anlayışından tamamilə kənar bir quruluşa malik olması məlumdur. Amma Azərbaycanla müttəfiqlik sazişi bağlayan qonşu dövlətin bu cür Azərbaycana qarşı mövqe sərgiləməsi heç bir halda qəbul edilə bilməz.
Rusiya həm də onun fərqində olmalıdır ki, artıq bütün dünyanı qarşısına alıb. Bu gün bütün dünyanın sanksiyalar tətbiq etdiyi Rusiyaya faktiki olaraq Türkiyə və Azərbaycan müəyyən qədər “nəfəslik” rolu oynayırdı.
Görünür, o “nəfəslikləri” də elə özləri bağlayıb. Kreml qapalı məkanda özlərini məhv etmək siyasəti apardığının fərqində deyil. Əgər belə gedəcəksə, Rusiya özünün dağılıb parçalanmasına səbəb olacaq hadisələrə rəvac verəcək”.
Elmir Mustafa
“Cebheinfo.az”