Azərbaycanlılar istirahət üçün ən çox hara üz tuturlar?

Azərbaycanlılar istirahət üçün ən çox hara üz tuturlar?

Əvvəllər yay mövsümündə Türkiyənin sahil bölgələrində, xüsusilə də turizm şəhərlərində gur turist axını müşahidə olunurdu.

Lakin son günlər sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olur ki, bu il həmin bölgələrdə əvvəlki kimi turist sıxlığı yoxdur.

Digər tərəfdən isə Monteneqro da bu il yay tətili üçün populyar istiqamətlərdən birinə çevrilib.

Bəs azərbaycanlı turistlər bu il istirahət üçün hara gedirlər?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında turizm üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, Türkiyədə son zamanlar həm ölkənin daxili siyasətindəki müəyyən gərginliklər, həm də baş verən meşə yanğınları ümumilikdə turizm strategiyasına mənfi təsir göstərir:

"Turistlər əsasən rahat və təhlükəsiz məkanlara üstünlük verirlər. Təhlükəsizlik onlar üçün başlıca amildir. Ola bilsin ki, bu amillər Türkiyədə turizm axınında müəyyən azalmaya səbəb olub. Lakin bütün bu problemlər aradan qaldırıldıqdan sonra, Türkiyə yenidən turizm potensialını bərpa edəcək.

Nəzərə almaq lazımdır ki, Türkiyə bir turizm ölkəsidir və özünü toparlamaq qabiliyyətinə malikdir. Hazırda Türkiyəyə gələn onlarla tur operatoru Egey və Aralıq dənizi sahillərini yenə də prioritet istiqamət kimi saxlayırlar". 

O bildirib ki, bu il Monteneqro azərbaycanlı turistlərin əsas səyahət istiqamətlərindən birinə çevrilib:

"Digər tərəfdən isə Monteneqroya olan səfərlərə nəzər salsaq, artıq Azərbaycandan ora ciddi turist axını müşahidə olunur. Monteneqro gözəl təbiəti ilə seçilən və turistlərin üstünlük verdiyi yeni bir istirahət istiqamətinə çevrilib. Ora həm avropalı turistlər, həm də Orta Avropada yerləşən yaxın ölkələrin vətəndaşları tərəfindən tez-tez ziyarət olunur.

Monteneqronun Azərbaycan vətəndaşları üçün vizasız rejimdə əlçatan olması, həmçinin ölkənin təhlükəsizliyi və təbiətlə iç-içə olan mühiti, turistlərin yay tətillərini orada keçirməsinə şərait yaradır.

Monteneqro kiçik bir ölkə olsa da, turistləri cəlb edən yeni və cazibədar istiqamətlərdən biridir. Bu maraq xüsusilə ora olan reyslərin çoxluğu və qiymətlərin münasib olması ilə də bağlıdır. Azərbaycan tur operatorları da belə məkanlara turist göndərməkdə maraqlıdırlar". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"