Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 75 kiloqram 875 qram narkotik vasitə (48 kq 875 qram marixuana, 17 kq heroin, 8 kq metamfetamin, 2 kq tiryək) və 2 min ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
"Cebheinfo.az"