İran vuruldu: Tehranın planı iflas etdi

İran vuruldu: Tehranın planı iflas etdi

Xəbər verdiyimiz kimi, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə genişmiqyaslı hava zərbələri endirib.

Hücumun  hədəfləri arasında hərbi strukturlar, strateji obyektlər və Natanz nüvə kompleksi olub.

İsrailin müdafiə naziri İsrael Katz əməliyyatı “preventiv zərbə” adlandırıb. O, İranın mümkün cavab hücumuna qarşı ölkə əhalisinə də xəbərdarlıq edib. Mərkəz bölgələrə hava hücumu siqnalları ilə xəbərdarlıq edilib, əhali təlimatlandırılıb. Həmin bölgələrdə eyni zamanda fövqəladı vəziyyət elan edilib.

Hücum nəticəsində SEPAH-ın Baş komandanı, general-mayor Hüseyn Səlami həlak olub. Bu xəbəri İranın “Mehr” agentliyi yayıb və daha sonra dövlət televiziyası tərəfindən təsdiqlənib. Bundan başqa Baş Qərargah rəisi Məhəmməd Baqiri, SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə və digər yüksək rütbəli şəxslər öldürülüb.

Beləliklə, İsrailin uzun müddətdir hazırlıq gördüyü böyük mühabənin başladığını söyləmək olar. Belə ki, müharibənin olacağına dair anonslar dünən daha çox eşidilməyə başlayıb. İyunun 12-də “The New York Times” yüksək rütbəli İran rəsmisinə istinadən yazıb:

“İran hücum baş verəcəyi halda yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailə qarşı cavab tədbirləri planı hazırlayıb”.

Qəzet yazıb ki, İran ordusu və hökumət rəsmiləri İsrailin potensial zərbəsinə cavab tədbirlərini müzakirə etmək üçün artıq bir araya gəliblər:

“Tehran yüzlərlə ballistik raketdən istifadə etməklə İsrailə qarşı dərhal əks-hücum təşkil edə biləcək cavab planı hazırlayıb”.

“CBS News” da amerikalı mənbələrə istinadən daha əvvəl İsrailin İranda hərbi əməliyyat keçirməyə tam hazır olduğunu bildirmişdi. Eyni zamanda, qeyd edilirdi ki,  Vaşinqton İrandan qonşu İraqdakı bəzi Amerika obyektlərinə cavab addımı atacağını gözləyir. 

“Washington Post” qəzeti də dünən İranla müharibə anonsu vermişdi. Nəşrin yazdığına görə, ABŞ Dövlət Departamenti Şərqi Avropa  və Şimali Afrikada İranın zərbə məsafəsində yerləşən bütün səfirliklərə xəbərdarlıq göndərib. 

Dövlət Departamenti səfirliklərə fövqəladə cavab qruplarını çağırmağı və üzləşdikləri risk və təhlükələri azaltmaq üçün planlarını təqdim etməyi tapşırıb. 

İsrailin İrana hava zərbələri endirəcəyi barədə məlumatların artması yaxın günlərdə iki ölkə arasında müharibənin mümkünlüyü ehtimalını gündəmə gətirirdi. İran ordusu döyüş hazırlığını artırmaq üçün genişmiqyaslı hərbi təlimlərə başlamışdı. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri təlimlərin düşmənin addımlarını izləmək məqsədi daşıdığını deyib. Bu gün isə İsrailin elə ilk zərbəsində onun öldüyü məlumatı yayılıb.

Ekspertlər Yaxın Şərqdə yeni və böyük  müharibənin başlanması İranın nüvə proqramına dair aparılan danışıqların nəticəsindən asılı olacağını düşünürdü. Bildirilirdi ki, iyunun 15-də İran və ABŞ arasında gözlənilən növbəti müzakirələrdə rəsmi Tehran uranın zənginləşdirilməsini dayandırmağa və nüvə reaktorlarını beynəlxalq müşahidəçilər üçün açmağa icazə verərsə, o zaman İsrailin hücumları üçün əsas qalmayacaq. 

Ancaq İsrail iyunun 15-ni gözləmədən İrana qarşı həbi addımlar atdı. Bunun isə bir sıra səbəbləri var. Xatırladaq i İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi iyunun 4-də İranın uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bildirib. 

“Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız edəcək və İslam Respublikasını digər ölkələrdən asılı vəziyyətə salacaq. Uran zənginləşdirmə qabiliyyəti olmadan nüvə sənayesi faydasızdır. Çünki belə olan halda biz atom elektrik stansiyalarının tikintisi üçün əlimizi uzadıb dayanmalı olacağıq”,-deyə ali lider bildirib.

ABŞ Prezidenti Donald Tramp isə razılaşmanın əldə olub-olmamasına baxmayaraq, hər iki halda İranın nüvə silahına malik olmayacağını deyib. Bu isə o demək idi ki, Tehran danışıqlarda güzəştə getməsə, İranın nüvə tədqiqatı obyektləri  vurulacaq və güc tətbiq etməklə İranın nüvə silahı əldə etməsinin qarşısı alınacaq.

İsrailin gecəki hücumla da bunu göstərir.

Müşfiq Abdulla
“Cebheinfo.az”