DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək
Bu gün start götürəcək futbol üzrə dünya çempionatı bir sıra yeniliklərlə yadda qalacaq.
"Report"un məlumatına görə, mundial tarixdə ilk dəfə üç ölkənin - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil olunacaq.
Eyni zamanda, bu, dünya çempionatları tarixində ən çox komandanın iştirak edəcəyi yarış kimi tarixə düşəcək. FIFA-nın qərarına əsasən, DÇ-2026-da əvvəlki turnirlərdə olduğu kimi 32 deyil, 48 milli komanda mübarizə aparacaq. Beləliklə, iştirakçıların sayı 16 komanda artırılıb.
Turnir çərçivəsində rekord sayda - 104 oyun keçiriləcək.
Mundialın matçları 16 şəhərdə keçiriləcək. Turnirin əsas yükünü ABŞ daşıyacaq. Belə ki, oyunlar adıçəkilən ölkənin 11 şəhərində baş tutacaq. Kanada və Meksika isə müvafiq olaraq hərəyə 2 və 3 şəhərlə mundial atmosferini yaşayacaq.
ABŞ-də oyunlara ev sahibliyi edəcək şəhərlər arasında Houston, Boston Kansas, Nyu-York/Nyu-Cersi, Los-Anceles, Mayami, Dallas, Atlanta, Filadelfiya, Sietl və San-Fransisko kimi nəhəng mərkəzlər yer alır. Kanadada oyunlar Toronto və Vankuverdə, Meksikada isə Mexiko, Qvadalaxara və Monterreydə keçiriləcək.
Meksika və Cənubi Afrika Respublikası komandalarının üz-üzə gələcəyi açılış qarşılaşması Mexikodakı məşhur "Estadio Azteca" stadionunda baş tutacaq. Final qarşılaşması isə ABŞ-nin Nyu-York/Nyu-Cersi bölgəsində yerləşən "MetLife Stadium"da baş tutacaq.
DÇ-2026 həm iştirakçıların sayına, həm oyunların miqyasına, həm də üç ölkəni əhatə edən təşkilatçılığına görə dünya futbolu tarixinin ən böyük çempionatı hesab olunur.
DÇ-2026
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Xatırladaq ki, bu gün start götürəcək DÇ-2026 iyulun 19-da başa çatacaq.
"Cebheinfo.az"

