İker Kasilyas keçmiş klubunu məhkəməyə verdi - SƏBƏB
İspaniya millisinin heyətində dünya və Avropa çempionu olmuş əfsanəvi qapıçı İker Kasilyas əmək qabiliyyətinin qismən itirilməsinə görə təzminat almaq məqsədilə Portuqaliyanın "Portu" klubunu məhkəməyə verib.
Oxu.Az "As" nəşrinə istinadən xəbər verir ki, Portuqaliya məhkəməsinə müraciət edən Kasilyas sağlamlığına dəyən ziyana və idman karyerasını məcburi şəkildə başa vurmasına görə klubdan 3.7 milyon avro təzminat tələb edir.
Keçmiş qolkiper hesab edir ki, "Portu"nun həkimi ürək probleminin həll olunduğunu deyərkən ona yalançı ümid verib. Həmçinin futbolçu infarktın məhz Portuqaliya təmsilçisindəki həddindən artıq ağır fiziki məşqlər nəticəsində baş verdiyini iddia edir.
Hazırda 45 yaşı olan Kasilyas 2015-ci ildə yetirməsi olduğu "Real Madrid"dən "Portu"ya transfer olunmuşdu. O, "Kral klubu"nun heyətində beşqat İspaniya çempionu, iki dəfə İspaniya Kubokunun və UEFA Superkubokunun, dörd dəfə İspaniya Superkubokunun, üç dəfə Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi adını qazanıb. İspaniyalı ulduz, həmçinin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına görə beş dəfə (2008-2012) dünyanın ən yaxşı qapıçısı seçilib.
"Portu" ilə birlikdə Kasilyas Portuqaliya çempionu olub və ölkə superkubokunu başı üzərinə qaldırıb. İspaniya milli komandasının heyətində isə o, dünya çempionluğu (2010) və iki dəfə Avropa çempionluğu (2008, 2012) sevinci yaşayıb.
Xatırladaq ki, İker Kasilyas 2019/20 mövsümünün sonunda peşəkar karyerasını bitirdiyini elan etmişdi. O, 2019-cu ilin may ayında infarkt keçirmiş, bir neçə gün sonra xəstəxanadan evə buraxılsa da, bir daha rəsmi matçlarda yaşıl meydanlara qayıtmamışdı.
"Cebheinfo.az"

