Ağ Evdə tarixi UFC turniri: Vaşinqtondakı gecənin ardından gözlər Bakıda olacaq
Bu həftəsonu UFC tarixinin ən unikal tədbirlərindən birini keçirəcək - "UFC Freedom 250" turniri ABŞ prezidentinin rəsmi iqamətgahı olan Ağ Evin ərazisində təşkil olunacaq.
"Cebheinfo.az" xəbər verir ki, iyunun 14-də (Bakı vaxtı ilə 15 iyun, saat 04:00) Vaşinqtonda baş tutacaq tədbir ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
Turnir çərçivəsində yeddi döyüş təşkil olunacaq. Gecənin əsas qarşılaşmasında yüngül çəki dərəcəsinin çempionu İliya Topuriya müvəqqəti çempion Castin Qeyci ilə üz-üzə gələcək. Gecənin ikinci əsas döyüşündə isə Aleks Pereyra ilə Siril Qan UFC-nin ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda mübarizə aparacaqlar.
Hazırda UFC təşkilatı tarixinin ən əlamətdar layihələrindən birinə son hazırlıqları tamamlayır. Turnir Ağ Evin ərazisində keçiriləcək ilk peşəkar idman tədbiri kimi tarixə düşəcək.
Vaşinqtonda keçiriləcək tarixi turnir dünya idman ictimaiyyətinin diqqət mərkəzində olduğu bir vaxtda, Bakı növbəti UFC gecəsinə hazırlaşır. Azərbaycanlı MMA azarkeşlərini dünyanın aparıcı döyüş təşkilatının bayrağı altında daha bir möhtəşəm tədbir gözləyir.
Xatırladaq ki, iyunun 27-də keçiriləcək "UFC Fight Night Baku" turniri paytaxtı yenidən qlobal MMA gündəminin mərkəzinə çevirəcək. Gecədə tanınmış döyüşçülər oktaqona çıxacaq, yerli və xarici azarkeşlər isə bu həyəcanı arenada canlı izləmək imkanı qazanacaqlar.
Qeyd edək ki, Azərbaycan hazırda Cənubi Qafqaz və MDB məkanında UFC turnirlərinə ev sahibliyi edən yeganə ölkədir. Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il "UFC Fight Night" tədbirlərinin keçirilməsi planlaşdırılır.
"Cebheinfo.az"

