Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti?

Avrasiya İqtisadi İttifaqı dağılır, yoxsa Rusiyanın hakimiyyəti?

“Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim sınağı ilə üzləşib”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi qonşu Ermənistan Aİ tipli “ya bu, ya da o” testindən keçir. Prezident Vladimir Putin mayın 9-da keçirilən mətbuat konfransında bu mövzu haqqında ətraflı danışıb.

Ermənistan özü qərar verməlidir, öz seçimini etməlidir: Aİİ-də qalmaq, yoxsa Aİ-yə qoşulmaq istəyir? Erməni xalqının istənilən seçiminə hörmətlə yanaşacağıq. Amma bu seçim edilməlidir”, - deyə Lavrov bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, İrəvan artıq Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib:

“Əgər belə bir qanun varsa, deməli, artıq məsələyə dair qəti mövqeyə maliksiniz. Amma bu halda gəlin, dediyimiz sözlərə görə, məsuliyyət daşıyaq və bunu xalqa bəyan edək”.

Sergey Lavrov Nikol Paşinyan hakimiyyəti qarşısında Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etmək şərtini irəli sürməklə əslində, Rusiyanın Ermənistana iqtisadi təzyiqləri davam etdirəcəyinə eyham vurur.

Yəni Moskva Ermənistandan Avropa İttfaqına inteqrasiya siyasətindən de-yure imtina etməyi tələb edir. Rusiya rəsmiləri Ermənistanın Avropa İttifaqından xaric ediləcəyi barədə bəyanatlar versələr də, bu deyilənlər daha çox publikaya hesablanıb.

Çünki Aİİ-nin təsis edilməsi haqqında müqaviləyə görə, təşkilata daxil olan dövlətin üzvlükdən çıxarılması mexanizmi yoxdur. Bu baxımdan, Ermənistan Aİİ-dən könüllü şəkildə çıxa bilər. Eyni zamanda, mövcud prosedurlara əsasən, üzv ölkə Aİİ-ni tərk etmək üçün 12 ay əvvəldən depozitariyə müraciət etməlidir.

Yəni üzvlükdən könüllü çıxma prosesi bir il vaxt tələb edir. Hətta Aİİ-dən çıxarılma mexanizmi mövcud olsa belə, Rusiya Ermənistanın bu qurumdan xaric edilməsində maraqlı deyil.

Çünki bu perspektivdə Aİİ daxilində mərkəzdənqaçma prosesinin sürətlənməsinə və təşkilatın dağılımasına gətirib çıxara bilər. Eyni zamanda, Ermənistanın Aİİ-dən çıxarılması Rusiyanın Cənubi Qafqazdakı əsas forpostundan imtina etməsi demək olar ki, Qərb də özünün geosiyasi maraqları naminə bu fürsəti qaçırmayacaq. 

Sergey Lavrovun açıqlamasında diqqəti  çəkən mühüm məqamlardan biri Ermənistanın “Avropa İttifaqına Üzvlük Prosesinin Başlanılması haqqında” Qanunun qəbul edilməsini sübut kimi göstərməsi ilə bağlıdır. Bununla da Moskva Ermənistan məhsullarına tətbiq etdiyi qadağaları əsaslandırmağa çalışır. Lakin qeyd edilən qanunu Ermənistan parlamenti 2025-ci il martın 26-da qəbul edib. 

Maraqlıdır ki, son bir ildə Rusiya tərəfi bu məsələyə belə ciddi reaksiya verməyib. İndi Lavrovun sözügedən qanunu gündəmə gətirməsi daha çox iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi Rusiyanın Nikol Paşinyan hakimiyyətinə siyasi təzyiqi kimi başa düşülməlidir.

Moskva Paşinyanın qalib gələcəyi təqdirdə, Avropa İttifaqına üzvlük məsələsini  Ermənistanın Konstitusiyasına daxil edəcəyindən narahatdır. Çünki ötən il qəbul edilmiş qanun Avropa İttifaqına üzvlük prosesinin konstitusiyada təsübit edilməsi üçün hüquqi baza yaradır.

Bu isə Ermənistanın Rusiyanın siyasi moderatorluq etdiyi Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyindən çıxması deməkdir. 

Müşfiq Abdulla
“Cebheinfo.az”