“Nə sirr var, niyə dərc etmirlər?” - Hesablama Palatası sədrinin iradlarına REAKSİYA

“Nə sirr var, niyə dərc etmirlər?” - Hesablama Palatası sədrinin iradlarına REAKSİYA

“Azərbaycanda dövlət satınalmaları çərçivəsində bağlanan tikinti müqavilələrinin 40 %-dən çoxunda icra müddətində dəyişikliklər edilir və bu dəyişikliklər tender şərtlərinə uyğun olmur”. 

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Bakıda keçirilən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun illik toplantısında bildirib. 

Onun sözlərinə görə, aparılan təhlillər dövlət satınalmaları sahəsində bir sıra problemlərin qaldığını göstərir: 

"Elektron qaydada keçirilən açıq tenderlərdə formalaşan qiymətlərin bəzi hallarda eyni predmet üzrə bir mənbədən bağlanan müqavilələrin qiymətindən yüksək olması da narahatlıq doğuran məqamlardandır". 

Bu istiqamətdə qanunsuzluqların aradan qaldırılması ilə bağlı hansı tədbirlər həyata keçirilir? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, ildə bir neçə dəfə Hesablama Palatasının rəhbərliyi bu kimi çıxışlar edir  və yoxlama aparıldığını, nöqsanlar aşkarlandığını, narahat olduqlarını bildirir: 

“Ancaq bir dəfə də eşitmədik ki, bu istiqamətdə cinayət işi açılsın, “Dövlət satınalmaları haqqında” Qanunun pozulması ilə bağlı kimsə məsuliyyətə cəlb olunsun. Halbuki böyük ehtimalla burada cinayət tərkibi var. “Dövlət satınalmaları haqqında” Qanun və bu sistem ona görə var ki, dövlət vəsaitindən səmərəli, təyinatı üzrə istifadə olunsun, tenderdə həqiqətən də layiqli şirkətlər qalib olsunlar. 

Halbuki biz bilirik ki, əksər hallarda tenderlər qabaqcadan razılaşma, sövdələşmə əsasında keçirilir və qalib şirkət məlum olur. Sadəcə elə bir təklif verir ki, digərləri o təklifi verə bilmirlər və ya sərf etmir. 

Həmin şirkət qalib gəlir və sonra müqavilədə dəyişiklik etməyə başlayırlar. Bu, aşkar pozuntudur. Bununla bağlı cinayət işləri açılmalıdır. Məncə, Hesablama Palatası müvafiq dövlət qurumlarına, xüsusən də Baş Prokurorluğa müraciət edir”. 

Ekspert təklif edib ki, bu məsələlər şəffaf olmalıdır: 

“Hansı dövlət qurumları nə xərcləyir, necə xərcləyirsə, Hesablama Palatasının hesabatları dərc olunmalıdır. Çünki xərclənən vəsait xalqındır. Yalnız bir neçə sahənin - müdafiə, təhlükəsizliklə bağlı hesabatlarını dərc etməyə bilərlər ki, düşmənlərimiz görməsin. 

Digər sahələrlə bağlı nə sirr var, niyə dərc etmirlər? Prezident də dəfələrlə çıxışlarında bildirib ki, ictimai nəzarət olmalıdır. Bunun üçün də gərək məlumatları dərc etsinlər ki, biz də buna münasibət bildirək. Təəssüf ki, bu sahədə real qanunvericilik işləmir və tenderlər də əksər hallarda qanunsuz olur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”