Regional hava limanları xarici şirkətlərə verilə bilərmi?

Regional hava limanları xarici şirkətlərə verilə bilərmi?

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İctimai Şura olaraq AZAL rəhbərliyi ilə görüşümüz oldu. 

AZAL-ın prezidenti Samir Rzayev son illərdə həyata keçirilən yeniliklər, ilk “Airbus A321neo” təyyarəsinin istismara verilməsi, rəqəmsal transfromasiya və xidmət keyfiyyətinin yüksəldilməsi, universitetlərlə əməkdaşlıq, kadr hazırlığı, rəqabətli mühitin formalaşdırılması və beynəlxalq marşrutlar üzrə gələcək planlar barədə ətraflı məlumat verdi”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, görüş kifayət qədər açıq və səmimi mühitdə keçib:

“Şura üzvləri tərəfindən çoxsaylı suallar səsləndirildi və AZAL rəhbərliyi bütün sualları böyük səbr və hövsələ ilə cavablandırmağa çalışdı. Bununla yanaşı, etiraf etməliyik ki, vətəndaşı daha çox maraqlandıran məsələ yeni təyyarələrin sayı deyil, uçuşların əlçatanlığı, qiyməti və xidmətin keyfiyyətidir.

Əslində, ölkəmizdə bəzi istiqamətlər üzrə sərnişin qatarlarının biletlərinin qiyməti artıq təyyarə biletlərinə yaxınlaşdığından, hətta bəzi hallarda onları üstələdiyindən aviabiletlərin qiyməti mövzusunu elə də sərt şəkildə qabartmağa “ürəyim gəlmədi””.

O qeyd edib ki, bununla belə, onun qaldırdığı əsas məsələlər isə bunlar olub:

- Aviabiletlərin qiymətlərinin region ölkələri ilə müqayisədə yüksək olması və bunun Azərbaycanın rəqabət qabiliyyətinə təsiri;

- Gürcüstanın Kutaisi hava limanının regionun əsas aşağıbüdcəli aviasiya mərkəzinə çevrilməsi, region sərnişinlərinin  daha münasib qiymətlərə görə məhz oradan uçmağa üstünlük verməsi və ölkəmizdə aşağıbüdcəli (low-cost) aviaşirkətlərin fəaliyyətini məhdudlaşdıran amillərin olub-olmaması;

- Böyük dövlət investisiyaları hesabına tikilmiş Zaqatala, Lənkəran, Qəbələ, Şəki və digər regional hava limanlarına müntəzəm daxili reyslərin olmaması;

- Hava limanlarında parkinq qiymətlərinin yüksək olması, sərnişinlərin taksi seçimi imkanlarının məhdudlaşması və bunun qiymətlərə təsiri;

- Müştəri məmnuniyyəti göstəricilərinin və sərnişin şikayətləri üzrə statistik məlumatların müntəzəm olaraq ictimaiyyətə açıqlanması, şəffaflıq və hesabatlılıq”.

O.Gündüz əlavə edib ki, AZAL prezidenti Samir Rzayev bəzi mühüm məqamlara da toxundu və bu məsələlər ətrafında açıq müzakirə aparıldı:

“Bildirdi ki, regional hava limanlarının xarici operatorların idarəçiliyinə verilməsi variantı nəzərdən keçirilir. Eyni zamanda, hava limanlarının idarə edilməsi ilə aviaşirkətin fəaliyyətinin institusional olaraq ayrılması məsələsi də müzakirə olunur.

Qeyd edim ki, Kutaisi hava limanı mövzusu görüş ərzində dəfələrlə gündəmə gəldi. Belə qənaətə gəldim ki, bu məsələ AZAL rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir və onlar da bunun bazarda yaratdığı rəqabət üstünlüyünün fərqindədirlər.

Düşünürəm və müzakirə nəticəsində məndə belə bir fikir fromalaşdı ki , AZAL rəhbərliyi tərəfindən planlaşdırılan islahatlar ardıcıl və düzgün həyata keçirilərsə, həm rəqabət mühiti güclənər, həm də sərnişinlər daha keyfiyyətli və münasib qiymətli xidmətlərdən faydalana biləcəklər.

Azərbaycanın müasir hava limanları var. Bura böyük yatırımlar edilib. İndi əsas məqsəd həmin infrastrukturdan daha səmərəli istifadə etmək, regional hava limanlarını canlandırmaq, rəqabəti artırmaq və vətəndaşın daha münasib qiymətə, daha rahat uçmasına nail olmaq olmalıdır.

Bildirim ki, AZAL prezidenti Samir Rzayevin və komandasının görüş zamanı nümayiş etdirdikləri səmimiyyət, açıq dialoq mühiti, bütün sualları diqqətlə dinləmələri və böyük hövsələ ilə cavablandırmaları təqdirəlayiq idi”.

Gülər
“Cebheinfo.az”