Özümüzü necə tanıyaq?- Psixoloq YAZIR

Biz çox zaman kim olduğumuzu, nə istədiyimizi, nəyə ehtiyac duyduğumuzu başqalarının baxışı ilə müəyyənləşdiririk.
“Valideynim nə deyər?”, “Cəmiyyət bunu necə qarşılayar?”, “Onlar məni bəyənərmi?”
Nəticədə isə özümüzü axtararkən, özümüzdən uzaqlaşırıq.
Mövzu ilə bağlı “Cebheinfo.az” “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılovanın yazısını təqdim edir.
Özünü tanımaq nə deməkdir?
Bu sual sadə görünür, lakin cavabını tapmaq bəzən illər aparır.
İnsan doğrudanmı öz həyatını yaşayır, yoxsa başqasının istədiyi biri olmağa çalışır?
Psixoloji baxımdan insan, xüsusilə də travmalardan sonra, uyğunlaşmağa meyillənir.
Sevilmək, qəbul olunmaq və rədd edilməmək üçün fərd getdikcə rol oynamağa başlayır.
Öz mahiyyətini deyil, başqalarının gözündəki “ideal” obrazı yaşamağa başlayır.
Niyə insan özündən uzaq düşür?
Çünki çox zaman uşaqlıqdan başlayaraq insan müəyyən inanclarla böyüdülür:
“Ayıbdır”, “Sus”, “Belə olmaz”, “Böyüklərə qarşı çıxma”, “Həssas olmaq zəiflikdir”.
Duyğularını gizlətmək, qorxularını boğmaq və yalnız sosial norma daxilində mövcud olmaq öyrədilir.
Nəticədə şəxsiyyətin əsas özəyi olan “Mən kiməm?” sualı itib gedir.
Özündə özünü tapmaq – psixoloji bir səyahətdir
Bu, bir anda başa gələn dəyişiklik deyil.
Meditasiya, tətil və ya motivasiya videoları ilə özünü tapmaq mümkün deyil.
Bu, özünə dürüst suallar vermək və cavablarından qaçmamaqla başlayır.
• Mən nə zaman xoşbəxt olmuşam?
• Hansı münasibətlərdə özümü itirmişəm?
• Özüm kimi hiss etdiyim anlar hansılardır?
• Əslində nə istəyirəm, nə mənə uyğun deyil?
Bu sualları cavablandırmaq asan olmasa da, onların cavabları insanın içindədir – çöldə deyil.
Psixoloq mövqeyindən baxış
Terapiya otaqlarında insanların tez-tez dediyi bir ifadə var:
“Elə bil illərlə başqasının həyatını yaşamışam.”
Bu cümlə bir tərəfdən acıdır, çünki itirilmiş zamanları xatırladır.
Digər tərəfdən isə oyanışa və dəyişməyə bir siqnaldır.
Ən gözəl tərəfi isə budur ki, özünə qayıtmaq heç vaxt gec deyil.
Özünü tapmaq üçün nə etmək olar?
1. Öz daxili səsinə qulaq asmaq. Hər kəs danışır, amma sən öz içindən gələn səsi dinləyirsənmi?
2. Qorxularla üzləşmək. Onlardan qaçmaq əvəzinə, onlara baxmaq və onların arxasındakı ehtiyacları anlamaq.
3. “Yox” deməyi öyrənmək. Özünü qorumağın və sərhəd çəkməyin əsas yolu budur.
4. Sənin yanında rahat nəfəs alan insanlarla münasibət qurmaq. Səni dəyişdirməyə çalışan deyil, səni anlayan insanlara yaxınlaşmaq.
5. Peşəkar psixoloji dəstək almaq. Bəzən insan özünü daha yaxşı görmək üçün güzgüyə ehtiyac duyur. Psixoloq da bu güzgüdür.
Nəticə olaraq
Özündə özünü tapmaq – “mən kiməm” sualına cavab axtarmaqdan daha dərindir.
Bu, öz həyatını başqasının deyil, öz dəyərlərin və ehtiyacların əsasında qurmaqdır.
Bu, öz hekayənin baş qəhrəmanı olmaqdır.
"Cebheinfo.az"