SEPAH qüvvələri sərhədi keçdi: Qarabağda birgə hərbi təlim

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və Azərbaycan Ordusu Qarabağda birgə hərbi təlimlər keçirir.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın “Tasnim” agentliyi yazır.
"Bazar günü Azərbaycan Respublikasının işğaldan azad etdiyi Qarabağ bölgələrində "Aras 2025" kod adlı birgə təlimlər başlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu quru qoşunlarının və Azərbaycan Respublikası Ordusunun xüsusi təyinatlı birləşmələrinin iştirak edəcəyi hərbi təlimlər mayın 21-dək davam edəcək", - İran mətbuatı yazır.
İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunları komandanının əməliyyatlar üzrə müavini və birgə təlimlərin komandiri general Vəli Mədəni bildirib ki, SEPAH-ın xüsusi təyinatlı qüvvələri təlimlərdə iştirak etmək üçün İranın şimal-qərbindəki Ərdəbil əyalətindəki Bileh Savar quru sərhəd keçid məntəqəsini keçiblər.
“Bu hərbi təlimlər ümumi sərhədin təhlükəsizliyinin gücləndirilməsi və mümkün təhlükələrə qarşı mübarizədə mühüm addımdır”, - o əlavə edib.
İran və Azərbaycan 2024-cü ilin noyabrında ortaq sərhəddə oxşar təlimlər keçiriblər. Azərbaycan hərbi heyəti “Araz-2024” hərbi təlimlərini müşahidə etmək üçün İranın Ərdəbil vilayətində olub.
Xəzər
“Cebheinfo.az”