Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir

Portuqaliyada növbədənkənar parlament seçkiləri keçirilir

Portuqaliyada bazar günü 2022-ci ildən bəri üçüncü olan növbədənkənar parlament seçkiləri keçirilir.

Bu barədə Associated Press (AP) məlumat yayıb.

Səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayıb və 20:00-da (23:00) başa çatacaq, bundan sonra ekzitpol nəticələri dərc olunacaq. Nəticələrin gecəyarısına qədər (bazar günü Bakı vaxtı ilə 03:00) əldə olunması gözlənilir.

İctimai rəy sorğuları göstərir ki, Portuqaliya yenidən azlıq hökuməti ala bilər. Belə ki, Sosial-demokrat partiyası və Demokratik və sosial mərkəz - Xalq partiyası alyansı populyarlıq baxımından müxalifətdəki Sosialist partiyasını bir qədər üstələyir, lakin onun 230 yerlik birpalatalı parlamentdə (Portuqaliya Respublikasının Assambleyasında) lazımi 116 yeri təmin etmək imkanı çətin ki olsun.

AP qeyd edir ki, Sosial-demokrat partiyası və Sosialist partiyası 50 il ərzində Portuqaliya siyasi həyatında dominantlıq edib, lakin idarəetmədəki uğursuzluqlar seçiciləri müxtəlif alternativlərə diqqət yetirməyə məcbur edib. Korrupsiya qalmaqalları ultrasağçı “Chega” (“Bəsdir!”) partiyasının mövqelərini gücləndirməyə imkan verib. O, miqrasiya siyasətinin sərtləşdirilməsi tələbləri sayəsində əhəmiyyətli uğur qazanıb. 2024-cü ildəki əvvəlki seçkilərdə partiya 50 yer qazanaraq üçüncü yeri tutub.

Hazırkı seçkilərə parlamentin ötən mart ayında Baş nazir Luiş Monteneqrunun (Sosial-demokrat partiyasının lideri) hökumətinə qarşı çıxardığı etimadsızlıq votumu səbəb olub. Səsvermə baş nazirin maraqlar münaqişəsində ittiham olunması səbəbindən təşkil edilib. Monteneqru ittihamları inkar edib, lakin istefa verib; indi o, yenidən seçilməyə hazırlaşır.

"Cebheinfo.az"