Deputat narahatdır: “4-5 sot ərazidə 100 nəfərin yaşaması acınacaqlıdır”

“İnsan alveri üzrə milli kordinatorun məlumatını qiymətləndirirəm və səs verəcəyəm.
Seyfulla müəllimə müfəssəl məlumat üçün təşəkkür edirəm. Komitə iclasında çıxış etmiş, bu sahədə görülən işləri alqışlamışdım. Daxili işlər orqanlarına ölkəmizdə sabitliyin və qanunçuluğun qorunması üçün də təşəkkürümü bildirmişdim. Bir daha vətəndaşlara, dövlətə etdikləri xidmətə görə təşəkkür edir və hər zaman onlara bu sahədə dəstək olduğumuzu bəyan edirəm”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
Deputat bir neçə məsələni də gündəmə gətirib:
“Birincisi, bəzən insan alveri qurbanları hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər, ya qorxudan, ya da etimadsızlıqdan. Bu da cinayətkarların məsuliyyətdən yayılmasına şərait yaradır. Bu sahədə məlumatın hüquq-mühafiizə orqanlarına çatdırılması üçün hansı innovativ üsüllar üzərində işləyə və tətbiq edə bilərik. Bunun üzərində işləməyə dəyər.
İkincisi, qurbanların müdafiəsi və reabilitasiyası üçün regionalarda sığınacaqların yaradılması ən vacib məsələlərdən biridir. Bu məsələnin elə bu ildən başlayaraq həll olunması, büdcə vəsaitinin ayrılması yaxşı olardı. Üçüncüsü, vətəndaş cəmiyyəti təşkilatlarının idarə etdiyi sığınacaqların demək olar ki, əksəriyyətinin maddi-texniki bazası zəifdir.
Təklif edirəm ki, dövlət və ya digər resurslar vasitəsilə onlara geniş həyəti olan yerlər ayrılsın. 4-5 sot ərazidə 50 nəfərin, 100 nəfərin yaşaması acınacaqlıdır. Bu sahədə də diqqətçəkəsi çox məqamlar var”.
R.Nurullayev əlavə edib ki, bir neçə il öncə DİN-in İAQMBİ tərəfindən idarə olunan insan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaqda olublar:
“Şərait yüksək səviyyədə idi. Geniş və abad həyət, gül-çiçək, yaşıllıq, bir sözlə, sanki Bakıda cənnət güşəsi. Biz gərək çalışaq ki, onabənzər şəraiti vətəndaş cəmiyyəti təşkilatların idarə etdiyi sığınacaqlar üçün də yaradaq. Təbii ki, bunun üçün böyük vəsait tələb olunur. İAQMBİ tərəfindən o təçkilatalra qrantlar ayrılır və bunu yüksək qiymətləndirirəm”.
Vilayət Muxtar
“Cebheinfo.az”