İki stulda oturan Ermənistan: “Sağdan da yeyir, soldan da yeyir”

İki stulda oturan Ermənistan: “Sağdan da yeyir, soldan da yeyir”

Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının üstünlüyünü göstərir. 

Son nəticələr hələ açıqlanmasa da, İrəvanın Qərblə yaxınlaşma və Moskvanın təsir dairəsindən qismən uzaqlaşma siyasətinin davam edəcəyi ehtimalı güclənib. Bu seçki təkcə Ermənistanın daxili siyasi gələcəyini deyil, həm də Cənubi Qafqazda geosiyasi qüvvələr nisbətini müəyyənləşdirəcək hadisə kimi qiymətləndirilir. 

Bu baxımdan, yeni siyasi reallıq fonunda Rusiya Ermənistana cəza verilməsi, yoxsa onunla iş birliyi yolunu seçəcək? 

“Cebheinfo.az”-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, İrəvan gec-tez geosiyasi seçim etmək məcburiyyətində qalacaq. O qeyd edib ki, Ermənistanın strateji sahələrinin böyük hissəsi Rusiya kapitalının nəzarətindədir: 

“Ermənistan seçkilərinə qədər artıq Nikol Paşinyan bildirmişdi ki, seçkilər başa çatan kimi Moskvaya səfər edəcək. Siyasətdə bir çox şeylər deyilir, etiraflar edilir, çox vaxt müxtəlif bəyanatlar və vədlər səsləndirilir, ancaq onların bəziləri elə söz olaraq qalır, reallığa çevrilmir. 

Ermənistan artıq geosiyasi müstəvidə anlayır ki, iki stul üstündə oturmaq mümkün deyil və gec-tez birini çəkməli, seçim etməlidir. Ermənistan Rusiyadan tamamilə uzaqlaşa bilməz. Çünki Rusiyanın bu ölkədə təsir rıçaqları həddindən artıq güclüdür. 

Digər tərəfdən, vaxtilə Ermənistanda fəaliyyət göstərən iri müəssisələrin, o cümlədən dağ-mədən sənayesi obyektlərinin, dəmir yollarının, kimya sənayesi müəssisələrinin və digər strateji sahələrin əhəmiyyətli hissəsi Rusiya kapitalındadır, yəni rus iş adamlarının nəzarətinə keçib. Bununla yanaşı, Ermənistanda Rusiya hərbi bazası da fəaliyyət göstərir. 

Yəni faktiki olaraq Ermənistan istəsə belə, Rusiyanın çətiri altından tam şəkildə çıxa bilməz. Təsadüfi deyil ki, Vladimir Putin də Ermənistanın ixrac etdiyi məhsulların əsas bazarının Rusiya və postsovet məkanı olduğunu vurğulamışdı. Bu baxımdan, Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində zaman-zaman tərəddüdlü mövqe sərgiləməsi və guya “götür-qoy” etməsi daha çox nümayişkaranə  addımlardır”. 

Politoloq əlavə edib ki, bu addımlar əsasən Qərbə hesablanıb və məqsəd Qərbin Ermənistana marağını və dəstəyini itirməməkdir: 

“Biz gördük ki, seçkiqabağı dövrdə guya Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi müəyyən məhdudlaşdırıcı addımlar fonunda İrəvana 50 milyon avro həcmində kredit verdilər, dəstək paketləri təqdim olundu. Ermənistan əlbəttə ki, əvvəlki siyasətini davam etdirir. 

Sağdan da yeyir, soldan da yeyir. Yəni həm Qərbdən, həm də Rusiyadan faydalanmağa çalışır, bütün tərəflərin hamısına ağız açır, əl uzadır ki, bizə kömək edin”. Rusiyaya gəlincə, ekspert Ermənistanın Moskva ilə münasibətləri tamamilə qoparmaq və birmənalı şəkildə Avropa İttifaqına inteqrasiya yolunu seçmək üçün cəsarət və imkanı olağını düşünmür: 

“Üstəlik, bu inteqrasiyanın iqtisadi tərəfləri əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən gül biznesi və digər ixrac sahələri ilə əlaqələndirilir. Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də bildirib ki, Ermənistana öz məhsullarını Avropa bazarına çıxarmaq üçün əlverişli şərait yaradılacaq”. 

Tofiq Abbasov vurğulayıb ki, Ermənistan xarici dəstək olmadan ciddi iqtisadi problemlərlə üzləşə bilər: 

“Yalnız gül biznesi və kənd təsərrüfatı məhsullarının ixracı hesabına ölkə iqtisadiyyatını ayaqda saxlamaq mümkün deyil. Ermənistan son illə bir sıra ölkələrlə bu sahələrdə əməkdaşlıq əlaqələri qurmağa çalışmasına baxmayaq, strateji əhəmiyyət daşıyan əsas sahələr, o cümlədən təhlükəsizlik məsələləri, hərbi sənaye kompleksi və digər vacib istiqamətlər hələ də böyük ölçüdə Moskvanın təsir dairəsindədir. 

Odur ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan tamamilə uzaqlaşacağına inanmıram. Bütün idxal-ixrac əlaqələrini Avropaya yönəltməsi də real görünmür. Digər tərəfdən, Avropa İttifaqı nə qədər xoş sözlərlə ölkə rəhbərliyinin niyyətlərini qarşılasa da, Ermənistan kimi problemlərlə yüklənmiş bir ölkənin məsuliyyətini öz üzərinə götürməyəcəklər və götürə də bilməzlər. 

Çünki Ermənistanın qarşısında hələ həllini gözləyən çox ciddi məsələlər var. Eyni zamanda, Ermənistan iqtisadiyyatı da hələ özünü tam təmin edə biləcək səviyyədə deyil. Yəni Ermənistan xaricdən ianələr, Avropa İttifaqının, ABŞ-nin və Rusiyanın dəstəyi olmadan kifayət qədər çətin vəziyyətlə üzləşə bilər. 

Buna görə də hesab edirəm ki, Rusiya hazırda bu məsələni müəyyən qədər gözləmə mövqeyinə keçirib və Ermənistan rəhbərliyinin bundan sonrakı addımlarının nədən ibarət olacağını izləməyə çalışır”. 

Onun sözlərinə görə, Ermənistanda seçkilərdən sonra siyasi mənzərə hələ tam aydın deyil: 

“Hələ heç nə tam bəlli deyil. Çünki seçkilərin nəticələri açıqlansa da, hökumətin necə formalaşacağı, nazir portfellərinin hansı qaydada bölüşdürüləcəyi məlum deyil. Seçkilərdə iştirak edən iki əsas qüvvə - Robert Köçəryanla Samvel Karapetyanın təmsil olunduğu komandalar demək olar ki, eyni simadır. 

Onlar çalışacaqlar ki, Paşinyan hökumətinin fəaliyyətinə problemlər yaratsın, atdığı addımları ləngitsinlər. Hesab edirəm ki, məhz həmin qüvvələrin Rusiyaya yaxın mövqedə olması səbəbindən Nikol Paşinyan onlara fürsət yaratmayacaq ki, onlar açıq-aşkar bu vektor üzərində güclənsinlər. 

Çünki bu, həm Paşinyanın özünün, həm də onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının və müttəfiqlərinin mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Mənim fikrimcə, Ermənistan yaxın perspektivdə Rusiyanın orbitindən çıxa bilməyəcək və bu tendensiya öz təsirini göstərməkdə davam edəcək”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"