“PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!”

“PRAYK - sizin biznesiniz, sizin qaydalarınız!”

Azərbaycanın yerli alqı-satqı və xidmət ekosistemini köklü şəkildə dəyişməyi hədəfləyən PRAYK platforması sürətlə böyüyən texnoloji startaplardan biridir.

"Cebheinfo.az" xəbər verir  ki, Bakupost.az layihənin təsisçisi və rəhbəri Kamran Aydınovun PRAYK-ın üstünlükləri, texnoloji fərqlilikləri, konfidensiallıq məsələləri və gələcək planları haqqında müsahibəsini təqdim edir:

- PRAYK istifadəçilərə hansı konkret üstünlükləri və rahatlıqları təqdim edir?

- PRAYK-ın əsas məqsədi istifadəçilərlə bizneslər arasında vasitəçiləri aradan qaldırmaq, şəffaf ticarət mühiti yaratmaq və ödənişsiz reklam imkanları təqdim etməkdir. Platformamızda istər məhsul, istərsə də xidmət təklif edən hər kəs öz təkliflərini birbaşa olaraq müştəriyə çatdıra bilir – heç bir gizli komissiya və ya vasitəçi olmadan.

Bundan əlavə, istifadəçilər heç bir reklam və abunəhaqqı ödəmədən məhsul yerləşdirə, fərdi onlayn mağaza və kataloq yarada bilirlər. Bu, xüsusilə kiçik və orta sahibkarlar üçün böyük üstünlükdür. Bizim üçün əsas prinsip budur: sizin məhsul – sizin qiymət – sizin şərtləriniz.

- Son illərdə onlayn platformalarda məlumat oğurluğu və dələduzluq halları artıb. PRAYK olaraq istifadəçilərin şəxsi məlumatlarını necə qoruyursunuz? Bu sahədə hansı texniki və etik məsuliyyətləri üzərinizə götürmüsünüz?

 

- Bu, çox ciddi məsələdir və təəssüf ki, bəzi platformalar bu məsələdə istifadəçiləri qorumaqda yetərli deyil. PRAYK olaraq biz müasir təhlükəsizlik protokolları və real vaxtda monitorinq sistemləri tətbiq edirik. Heç bir istifadəçi məlumatı razılıq olmadan paylaşılmır, satılmır və üçüncü tərəflərə ötürülmür. Əlavə olaraq, istifadəçilərə öz məlumatları üzərində tam nəzarət imkanı veririk. Yəni təkcə texniki baxımdan yox, etik və hüquqi baxımdan da istifadəçinin tərəfində duran platformayıq. Bizim üçün istifadəçi etibarı hər şeydən önəmlidir. Əgər bu etibarı qazana bilmiriksə, texnologiya heç bir işə yaramaz.

- PRAYK AI köməkçisi üzərində iş getdiyi qeyd olunur. Bu süni intellekt funksiyası həm müştərilər, həm də bizneslər üçün hansı konkret imkanları təmin edəcək?

- PRAYK AI köməkçisi həm müştəri axtarış təcrübəsini optimallaşdıracaq, həm də bizneslərin doğru müştəriyə çıxmasını təmin edəcək. Məsələn, alıcı platformaya daxil olub bir məhsul axtarırsa, AI köməkçi onun ehtiyacını analiz edib ən uyğun təklifi təqdim edəcək. Satıcı və bizneslər üçün isə bu sistem aktiv olaraq müştəri axtarışına çıxacaq və onları uyğun auditoriyaya çatdıracaq – klassik reklam modelindən fərqli olaraq. Gələcəkdə bu funksiyanı səsli axtarış və smart təkliflər kimi imkanlarla daha da inkişaf etdirəcəyik.

- PRAYK-ın hədəf auditoriyası kimlərdir və yaxın gələcəkdə platformanın regional və beynəlxalq səviyyədə genişlənməsi nəzərdə tutulurmu?

- Bizim əsas auditoriyamız kiçik və orta bizneslər, “freelancer”lar, usta və xidmət sahibləri və yerli mağazalardır.

PRAYK onlara bərabər şans, pulsuz reklam və birbaşa satış imkanı yaradır. İlk mərhələdə bütün Azərbaycan regionlarını əhatə etməyi, daha sonra isə region ölkələrinə – Gürcüstan, Qazaxıstan, Özbəkistan kimi bazarlara çıxış etməyi planlaşdırırıq. Bu ölkələrdə də eyni problemlər mövcuddur və biz orada da həll təklif etməyə hazırıq.

"Cebheinfo.az"