Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi

Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29994:2025 “Təhsil və təlim xidmətləri. Distant təhsilə dair tələblər” yeni dövlət standartını qəbul edib. Yeni dövlət standartı distant təhsil xidmətlərinin layihələndirilməsi, göstərilməsi, monitorinqi və qiymətləndirilməsi proseslərini ehtiva etməklə, bu sahədə beynəlxalq tələblərə uyğunluğu təmin edir. 

Sözügedən dövlət standartının ölkədə tətbiq edilməsinin məqsədi yeni texnologiyaların imkanlarından yararlanmaqla təhsil sistemində çevikliyi və əlçatanlığı artırmaq, eləcə də dünyanın istənilən nöqtəsindən keyfiyyətli təhsil almaq üçün geniş imkanlar yaratmaqdır. Yeni dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarıb və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. 

Qeyd edək ki, uzun müddətdir ölkədə distant təhsilin təbiqinin vacibliyi ilə bağlı fikirlər səslənsə də, bu təhsil forması tətbiq edilmir. Səbəbini isə Elm və Təhsil Nazirliyi ölkədə texniki təchizat bazasının olmaması ilə əlaqələndirir. Bir sıra dünya ölkələrində distant təhsil geniş yayılıb və hətta bir çox tələbə məhz bu təhsil forması vasitəsilə digər ölkələrin ali təhsil ocaqlarında təhsil alır. 

Əvvəlcə onu qeyd edək ki, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Distant təhsillə bağlı qəbul edilən standartlar ölkədə bu sistemin tətbiqində nə rol oynayacaq? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elmin Nuri “Cebheinfo.az”-a bildirib ki, bu, son illər ən yaxşı təhsil xəbərlərindən biri kimi qəbul olunmalıdır:

“Doğrudur, distant təhsillə bağlı məsələlərdə gecikirik. Dünyanın süni intellekt tərəfindən idarə edildiyi XXI əsrin tələbləri özünü həm də distant təhsil sistemində daha çox göstərir. Təhsil daim yenilənən, mühitə görə dəyişə bilən canlı prosesdir. Biz bu prosesi köhnə detallarla saxlaya bilmərik. Təhsildə bəzi məsələlər var ki, ona məhz dövrün tələbləri qərar verir. Bu, onsuz da olmalı idi. 

Əksər ölkələrdə həyata keçirilir. Keçməsə, təhsil keyfiyyəti, effektivliyi geri düşəcək. Bizdə də distant təhsillə bağlı dövlət standartı qəbul edildi. Ona görə də distant təhsillə bağlı boşluqlar aradan qalxmalıdır. 

Azərbaycanda distant təhsil forması “Ümumtəhsil haqqında” Qanunda öz əksini tapsa da, hazırda iki -əyani və qiyabi təhsil forması tanınır. Distant təhsil forması və bu formada xaricdən alınan diplomlar bizdə keçərli deyil. 

Ancaq dünyanın gələcək təhsili distant yox, hibrid təhsil olacaq. Hibrid həm klassik, həm də onlayın tədris formasında istifadə edilən qarışıq təhsil metodudur. Artıq dünyanın bir neçə ölkəsində hibrid təhsil ənənəsi qoyulur. Beynəxalq təhsil mütəxəsisləri bildirirlər ki, artıq dünya hibrid təhsil formasına doğru gedir. 

Biz gələcəkdə hibrid təhsil formasında uğur qazanmaq istəyiriksə, onun bir qolu olan distant təhsilə də yer verməliyik. Distant təhsil kompüter üzərindən, məsafədən, monitorun hər iki tərəfində olmaq deyil. Onun özünün metodoogiyası, prinsipləri, nəzəri aspektləri var. 

Şagird, öyrənci psixologiyasına necə təsir etmək olar? Ona monitor arxasından məsafədən, metodiki baxımdan necə təsir göstərmək olar? Bunlar hamısı dərin məsələlərdir. Dünyanın bir çox ölkələrində distant təhsilin nəzəri metodologiyası artıq öyrənilməyə başlanılır. Biz bu gün bundan başlamalıyıq. Bu gün müəllimlərimizin böyük əksəriyyəti distant təhsil nəzəri metodologiyasından xəbərsizdirlər. Onlarda günah yoxdur. 

Çünki bizdə bu ənənə olmayıb. Bu gün istənilən müəllim kompüter arxasından dərs keçə bilər. Ancaq burada şagirdə hansı dəqiqədə istirahət vermək, hansı dəqiqədə dərs ağırlığını yüngülləşdirmək lazımdır kimi aspektləri bilmək lazımdır”. 

Ekspertin sözlərinə görə, bu metodları bildikdən, bu metodlarla işləyən kadr potensialı formalaşdıqdan sonra distant təhsildə uğur gözləyə bilərik: 

“Disdant təhsildə uğur qazandıqdan sonra da gələcəyin təhsili olan hibrid təhsil variantı bizim üçün işlək olacaq. O zaman biz hibrid təhsilə böyük məmnuniyyətlə müraciət edə biləcəyik. Dünyada birbaşa distant təhsilə keçidin olacağını gözləmirəm. Bu, yeni pandemiya, yaxud hansısa fövqəladə halda ola bilər. 

Ancaq digər hallarda hansı coğrafiyada olmasından, sosial rifahından, təhsil imkanlarından asılı olmayaraq, hər hansı bir dövlətin tamamən distant təhsilə keçəcəyini düşünmürəm. Keçməyə qalsaydı, bu gün təhsili, IT imkanları çox güclü olan Cənubi Koreya, Çin, Sinqapur, Yaponiya, Amerika, Finlandiya, Kanada kimi ölkələr buna çoxdan keçərdi. Əgər keçməyiblərsə, deməli, distant təhsil heç zaman birbaşa gələcəyin təhsili ola bilməz. Gələcəyin təhsili hibrid təhsildir”. 

Nigar Avbdullayeva 
“Cebheinfo.az”