Oğurlanmış 13 şaxtaçının cəsədi tapılıb

Oğurlanmış 13 şaxtaçının cəsədi tapılıb

Perunun şimalında qanunsuz mədənçiliklə əlaqəsi olan silahlı qrup tərəfindən bir həftə əvvəl oğurlanan 13 şaxtaçının cəsədi tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, yerli mətbuatın məlumatına görə, Pataz vilayətinin La Libertad bölgəsində tapılan cəsədlərin əlləri bağlı və başlarına bir güllə ilə vurularaq öldürüldüyü müəyyən edilib.

Pataz Bələdiyyə Başçısı Aldo Karlos Marino verdiyi açıqlamada hücumu şiddət və nifrətlə qınayıb, məsuliyyət daşıyanların tez bir zamanda cəzalandırılmasını  istəyib.

Mədənçilərin işlədiyi şirkətdən verilən açıqlamada onlar Peru hökumətini təhlükəsizlik tədbirlərini artırmağa çağırıblar.

"Biz qeyri-qanuni mədənçiliklə əlaqəli cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilən 13 nəfərin ailələri ilə həmrəyik. Belə dəhşətli itkiyə görə dərin hüznümüzü bildiririk", - bəyanatda deyilir. 

Peru Milli Polisi hadisə ilə bağlı genişmiqyaslı əməliyyata başlanıldığını açıqlayıb.

Peru hökuməti qanunsuz cinayət təşkilatlarına qarşı mübarizə çərçivəsində ötən il Pataz əyalətində fövqəladə vəziyyət elan edib.

Dünyanın aparıcı qızıl istehsalçıları arasında olmasına baxmayaraq, Cənubi Amerika ölkəsi Peru qeyri-qanuni mədənçilik və mütəşəkkil cinayətkarlıqla mübarizədə ciddi problemlərlə üzləşir.

Nigar Hacılı 
"Cebheinfo.az"