77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

77 yaşlı sabiq rəis elektron qolbaqda gəzəcək

Kürdəmir Rayon Məhkəməsində mənimsəmədə ittiham olunan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin tabeliyindəki Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Talıb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hakim Marif Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Məmmədov barəsində iki il müddətə dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə iki il azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilib. Sabiq idarə rəisinə elektron nəzarət vasitəsi olan qolbaq tətbiq edilib.

İttihama görə, Talıb Sırac oğlu Məmmədov Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilib.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir Melioservis İdarəsində aparılan yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb.

Məlum olub ki, T.Məmmədov həmin müəssisədə rəis olduğu vaxt qulluq mövqeyindən istifadə edərək "R-15 təsərrüfatlar arası beton kanalı" üzrə görülmüş əsaslı təmir işlərinə görə 18 601.20 manat, Şilyan-Qarasu ərazisində "OB 1 nov kanalın" üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30 201.51 manat və "Qarasu-2 nasos stansiyasının diametri 500 mm-lik təzyiqli boru xəttinin" əsaslı təmir işləri üzrə 14 533.02 manat məbləğində artıq xərc hesablayıb. Həmin vəsaiti aktların doğruluğu sənədinə öz imzası ilə təsdiq edərək mənimsəmə və israf etmə yolu ilə talayıb.

"Cebheinfo.az"