"Dərin dövlət hələ qalib gəlməyib"

"Dərin dövlət hələ qalib gəlməyib"

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze ümid etdiyini bildirib ki, ABŞ Prezidenti Donald Tramp “dərin dövlət” adlanan gizli güclərə qalib gələcək. 

Bundan sonra Gürcüstanla ABŞ arasında münasibətlər yoluna düşəcək.

"Cebheinfo.az" xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında bildirib:

“Dərin dövlət hələ də qalib gəlməyib. Biz sadəcə öz ölkəmizin maraqlarını qoruyuruq. Əgər Tramp onu məğlub edə bilsə, biz bunu ancaq alqışlayarıq. 

Bu, bizim üçün də müsbət təsir göstərəcək. Heç bir ölkəyə – nə qədər böyük olsa da – Gürcüstanın maraqlarını ayaqlamağa və bizdən, məsələn, Ukrayna kimi istifadə etməyə icazə verməyəcəyik."

O, bir daha vurğulayıb ki, Gürcüstan ABŞ ilə münasibətləri düzəltmək istəyir: 

“Əvvəlki ABŞ rəhbərliyi həqiqəti təhrif edirdi, yalan təbliğat aparılırdı. Biz istəyirik ki, bu dönəm bitsin və münasibətlər dostcasına, qarşılıqlı hörmət və bərabərlik prinsipi ilə qurulsun. Böyük ölkənin  kiçik, amma zəngin tarixə və mədəniyyətə sahib olan bir dövlətə yuxarıdan aşağı baxması yolverilməzdir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti 2024-cü il noyabrın 30-da Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını açıqlamışdı. Bu qərar noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin verdiyi bəyanatdan sonra verilib. 

O demişdi ki, hakim partiya 2028-ci ilə qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları gündəmə salmayacaq və Aİ-dən maliyyə yardımlarını qəbul etməyəcək. Baş nazir bu qərarı Avropa İttifaqının daimi təzyiqləri, qəbul olunmuş qanunların ləğvini tələb etməsi və Gürcüstan rəhbərliyinə qarşı sanksiya çağırışları ilə əsaslandırmışdı.

Səbinə Uğur
"Cebheinfo.az"