Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar?

Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar?

Marketlərdə tez-tez rast gəlinən “1+1 hədiyyə”, “2 al, 1 ödə” və müxtəlif endirim kampaniyaları alıcıların diqqətini cəlb edən əsas satış üsullarındandır.

Belə aksiyalar ilk baxışdan sərfəli görünsə də, bəzi istehlakçılar kampaniyaların real endirimə əsaslanıb-əsaslanmadığı, məhsulların qiymətinin əvvəlcədən süni şəkildə artırılıb-artırılmadığı ilə bağlı suallar səsləndirirlər.

Eyni zamanda, bu cür kampaniyaların şəffaflığı, onlara nəzarət mexanizmləri və istehlakçıların hüquqlarının necə qorunması da maraq doğuran məsələlər sırasındadır.

Bəs marketlərdə keçirilən “1+1” (bir məhsul alana ikincisi hədiyyə) və ya "1 alana 1-i hədiyyə” kampaniyaları həqiqətən istehlakçı üçün sərfəlidirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”a bildirib ki, “1+1 hədiyyə” kampaniyaları bəzi hallarda istehlakçı üçün həqiqətən sərfəli ola bilər:

“Əgər məhsulun əvvəlki satış qiyməti dəyişdirilmədən eyni qiymətə ikinci məhsul hədiyyə verilirsə, bu, real üstünlük hesab olunur. Lakin bəzi hallarda kampaniya başlamazdan əvvəl məhsulun qiyməti süni şəkildə artırılır və daha sonra “1+1” və ya “endirim” adı ilə təqdim edilir.

Belə vəziyyətlərdə istehlakçı əslində gözlədiyi qədər qazanc əldə etmir. Buna görə də hər kampaniyanın sərfəli olduğunu düşünmək düzgün deyil. Bəzən isə belə kampaniyalarda təqdim ediləm məhsuları son istifadə tarixi yaxınlaşmıs olur. Ona görə də məhsulun son istifadə tarixinə diqqət yetirmək də faydalıdır.

İstehlakçılar kampaniyanın real olub-olmadığını müəyyən etmək üçün məhsulun əvvəlki qiymətini müxtəlif mağazalarda müqayisə edə, qiymət tarixçəsini izləyə və eyni məhsulun fərqli satış nöqtələrindəki qiymətlərinə diqqət yetirə bilərlər. 

Kampaniya şərtlərinin aydın şəkildə göstərilməsi, endirimin hansı müddətə aid olması və qiymətlərin şəffaf təqdim edilməsi də vacib amillərdir. Dövlət qurumları istehlakçı hüquqlarının qorunması istiqamətində daxil olan şikayətləri araşdırır və qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarət edir.

Azərbaycanda istehlakçıları aldatmağa yönəlmiş qiymət manipulyasiyası və ya həqiqətəuyğun olmayan reklam halları qanunvericiliyin tələblərinin pozulması hesab edilə bilər və belə hallarda məsuliyyət tədbirləri tətbiq oluna bilər.

İstehlakçı kampaniya adı altında aldadıldığını düşünürsə, ilk növbədə alış-verişə dair qəbzi və digər sübutları saxlamalı, daha sonra aidiyyəti dövlət qurumuna şikayət edə bilər”.

Ekspert qeyd edib ki, zərurət yarandıqda isə məhkəmə qaydasında da hüquqlarının müdafiəsini tələb etmək mümkündür.

Aişə Abdulova
“Cebheinfo.az”