İran yol ayrıcında: Hakimiyyət daxilində ciddi parçalanma var?

İran yol ayrıcında: Hakimiyyət daxilində ciddi parçalanma var?

İranda son günlər baş verən hadisələr ölkənin gələcək siyasi kursu ilə bağlı çoxsaylı suallar doğurur.

Belə ki, ali rəhbərin vəfatı, onun dəfn mərasimi fonunda hakimiyyət daxilində mümkün dəyişikliklər, varislik məsələsi, eləcə də SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) siyasi təsirinin artması və Tehranın xarici siyasətdə bundan sonra hansı prioritetlərə üstünlük verəcəyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Bu proseslər fonunda İranın daxili siyasi sabitliyinin necə qorunacağı, Qərblə münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi, həmçinin region ölkələri ilə əməkdaşlıq siyasətinin necə formalaşacağı maraq doğuran əsas məsələlərdəndir.

Hakimiyyət daxilində qüvvələr nisbətinin dəyişməsi ehtimalı nə dərəcədə real görünür?

Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, İran hakimiyyətində vəziyyət qarışıqdır:

O qeyd edib ki, xüsusilə ötən həftə Müctəba Xameneyinin qayınatası, İran parlamentinin keçmiş spikeri Qulaməli Həddad Adilin açıqlamaları bunu daha qabarıq şəkildə təsvir edir:

"Sabiq spiker bildirib ki, kürəkəni ali rəhbər seçildikdən sonra onunla heç bir əlaqəsi olmayıb. O, həmçinin ABŞ ilə mümkün razılaşmaya fərqli mövqedən yanaşdığını və bu razılaşmanın düzgün şərh olunmadığını qeyd edib.

Qulaməli Həddad Adil məhz İran Ali Milli Təhlükəsizlik Şurasında ABŞ və İran arasında mümkün razılaşmaya kəskin etiraz edib və mövcud razılaşmanın əleyhinə səs verən yeganə üzv olub.

Bundan əlavə, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bağır Qalibafın yerli televiziyada müsahibəsinin canlı yayım zamanı kəsilməsi də hakimiyyət daxilində hansısa ciddi hadisələrin baş verdiyinin ilkin siqnallarıdır".

Politoloq qeyd edib ki, məhz bir müddət öncə İran Prezidenti Məsud Pezeşkianın daxili dairələrin prosesə mane olduğuna dair açıqlaması da hakimiyyətdə ciddi problemlərin olduğunu deməyə əsas verir:

"Hətta bu məsələ ilə bağlı bir müddət əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens də İran hakimiyyəti daxilində vəziyyətin birmənalı olmadığını bildirmişdi.

Odur ki, belə mürəkkəb şəraitdə İranla münasibətlərin qurulması və danışıqların aparılması məsələsində daha çox üstünlük Qalibafa verilir. Prezident Məsud Pezeşkian da onun apardığı danışıqları dəstəkləyir".

Onun sözlərinə görə, bütövlükdə, ABŞ ilə İran arasında elektron formatda imzalanmış memorandum Qərblə Tehran arasında münasibətlərdə yumşalmanın yarandığını göstərir:

"Hətta hər iki tərəfin rəsmiləri memorandumun imzalanmasından və məlum hərbi əməliyyatlardan sonra danışıqları davam etdirmək üçün yenidən razılığa gəldilər. Bundan sonra hər iki tərəfin nümayəndələrinin çıxışlarında nikbin ovqat hiss olunur və onların gələcək danışıqlara ümidlə yanaşdıqları görünür.

Məsələn, əldə olunmuş razılaşmalara əsasən, hazırda Qətərdə saxlanılan 12 milyard dollarlıq İran vəsaitinin 6 milyard dolları blokdan çıxarılaraq ölkəyə qaytarılmas, eləcə də digər banklarda İrana aid hesabların fəaliyyətə başlayacağına dair ümidlər Tehran hakimiyyətində fərqli ovqat yaradır".

O bildirib ki, hazırda İran Avropa ölkələri, xüsusən də Böyük Britaniya, Almaniya, Fransa və Avropa İttifaqı ilə danışıqları yenidən bərpa etmək istiqamətində müəyyən addımlar atır:

“Belə ki, ötən bir neçə gün ərzində İran və ABŞ arasında imzalanmış məlum razılaşmadan sonra Tehranın 3,5 milyard dollarlıq neft ixrac etməsi ilə bağlı xəbər yayıldı. Bu isə İranın danışıqlar nəticəsində əldə etdiyi ilk uğurdur. 

İranın hazırkı ağır vəziyyətində bu maliyyə vəsaiti ölkənin böhrandan çıxmasına yardım edə bilər. Eyni zamanda, bu proses danışıqlar üçün etimad mühitini yaxşılaşdıra, tərəflərin bir-birinə etibarını artıra, danışıqlar aparan tərəfə daha geniş imkanların tanınmasına və hakimiyyətdaxili inamın güclənməsinə səbəb ola bilər". 

Sədrəddin Soltan vurğulayıb ki, Seyid Əli Xameneyinin dəfni ilə əlaqədar keçrilən mərasimlərlə bağlı İran-ABŞ danışıqları öncəsi hakimiyyətdə "dondurulmuş" vəziyyət yaşanır:

"Bütün hadisələr, yəni İran daxilində baş verə biləcək istənilən proses, ABŞ ilə əldə olunmuş razılaşmaların icrasından, yaxud həmin razılaşmaların daha da dərinləşdirilməsi və detallaşdırılmasından asılı ola bilər.

Odur ki, İran hakimiyyətində məsələlər bir müddət, yəni iyulun 9-10-dək sanki dondurulub. İyulun 18-də ABŞ ilə növbəti danışıqların keçiriləcəyi planlaşdırılır. Həmin vaxtadək isə tərəflər arasında texniki müzakirələrin də keçirilməsi istisna edilmir".

Əfsanə Rəcəb
"Cebheinfo.az"