Xankəndiyə gələn turistlərin sayı artıb - FOTOLAR

Xankəndiyə gələn turistlərin sayı artıb - FOTOLAR

Yay mövsümünün başlanması ilə əlaqədar Xankəndi şəhəri həm yerli, həm də xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bugünlərdə Xankəndiyə  ölkənin müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən gələn qonaqların sayında nəzərəçarpacaq artım müşahidə olunur.

Şəhərdə yaranan turizm canlanması, Xankəndinin yeni inkişaf mərhələsinə olan marağı da artırıb. Xankəndiyə səfər edən turistlər şəhərin tarixi və müasir simasını əks etdirən məkanlarla yanaşı, burada aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərini də böyük maraqla izləyirlər. 

Müasir yaşayış məhəllələri, inzibati binalar, sosial infrastruktur obyektləri, abadlaşdırılan küçə və prospektlər, parklar, istirahət məkanları qonaqların daha çox diqqətini cəlb edir.

Turistlər bildirirlər ki, qısa müddət ərzində şəhərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin miqyası Xankəndinin sürətlə inkişaf etdiyini əyani şəkildə nümayiş etdirir.

Onlar şəhərin müasir görkəmi, səliqə-sahmanı, yaşıllıq zolaqları və yaradılan rahat infrastruktur barədə müsbət təəssüratlarını bölüşürlər. Şəhərdə müşahidə olunan turist fəallığı ictimai iaşə, ticarət və xidmət sahələrində də canlanmaya səbəb olub.

Mütəxəssislərin fikrincə, dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, təhlükəsiz mühit və müasir infrastruktur, Xankəndinin yaxın illərdə Azərbaycanın əsas turizm istiqamətlərindən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.

Əhməd

“Cebheinfo.az”