Berlində Qəzzaya dəstək yürüşü keçirilib

Berlində Qəzzaya dəstək yürüşü keçirilib

Almaniyanın paytaxtı Berlində on minlərlə insanın iştirakı ilə "Qəzza üçün birlikdə" adlı yürüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, on minlərlə insan Almaniyanın Qəzzada İsrailin törətdiyi soyqırıma verdiyi dəstəyin dayandırılmasını və Fələstinə həmrəylik nümayiş etdirməsi üçün Federal Parlament Binası (Reichtstag) qarşısında toplaşıb.

Daha sonra etirazçılar şəhərin mərkəzində yürüş təşkil edərək, Almaniya hökumətinin İsrailin törətdiyi soyqırımda şərik olduğunu bildiriblər.
Etirazçılar Almaniya hökumətinin İsrailə hərbi dəstəyini pisləyib və silah ixracının dərhal dayandırılmasını və Qəzzaya təcili humanitar yardımın çatdırılmasını istəyiblər.

Almaniya hökumətindən İsrailə qarşı “qırmızı xətt” çəkməsini tələb edən “Qəzza üçün birlikdə” aksiyasında iştirak edənlərdən bəziləri qırmızı xətti simvolizə etmək üçün qırmızı geyiniblər.

Aksiyada, həmçinin İsrailin İrana hücumlarına etiraz edilib və üzərində “Trampı dayandırın”, “Müharibəyə, işğala, faşizmə yox”, “Fələstinə azadlıq”, “Soyqırımı dayandırın”, “Qəzzaya azadlıq” və “Müharibəyə yox deyin” yazılı plakatlar qaldırılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"