Firəngiz Mütəllimova Ramiz Novruzun oğluna CAVAB VERDİ

Firəngiz Mütəllimova Ramiz Novruzun oğluna CAVAB VERDİ

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu aktyor Cavidan Novruz "Xəbərin var?" verilişində atasının xatirə gecəsinə gəlməyən aktrisalardan danışıb. 

O bildirib ki, orada böyük məhəbbətlə Firəngiz Mütəllimova, Bəsti Cəfərovanı gözləyib:

“Sağlığında atamla yaxın sənət dostu olublar. Məni çox məyus etdilər. 

Gözüm yolda qaldı. Onlara ssenaridə yer də vermişdim. Onlar atamın son nəfəsinə qədər səhnədə çiyin-çiyinə çalışıblar. Ən azından deyərdilər ki, problem var. Onsuz da inanmayacaqdım. Çünki son günə qədər zəng vurdum ki, gözləyəcəyəm və söz verdilər".

Aktyor qeyd edib ki, Ramiz Novruzun sağlığında münasibəti soyuq olan adam indi onun ölüsü ilə ədavətdədir və oğlu ilə mübarizə aparır.

Xatırladaq ki, Xalq artisti Ramiz Novruzun yaradıcılıq gecəsi 9 iyunda Nizami Kino Mərkəzində baş tutub. 

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Xalq artisti Firəngiz Mütəllimova bildirib ki, tədbirlərin üst-üstə düşməsi səbəbi ilə iştirak edə bilməyib:

“İnciməyə dəyməz. Çünki həmin gün yaxın qohumumun vacib tədbiri var idi və mən bu tədbirə artıq iki ay əvvəl söz vermişdim. Ayın 9-da Cavidangilin tədbir keçirəcəyindən xəbərim yox idi. 

Təəssüf ki, hər ikisi eyni vaxta, üst-üstə düşdü. Yoxsa o, mənim balamdır. Atasına qarşı həmişə çox böyük hörmətim, məhəbbətim olub. Həmişə də ürəyimdədir. Yəni elə bir şey olmayıb. Mənim üçün Ramiz Novruz çox dəyərli bir insandır. Əlimdən gələn nə olubsa etməyə hazıram, getmişəm və getməyə də hazıram. 

Təəssüf ki, tədbirlər üst-üstə düşdü və mən heç cür iştirak edə bilmədim. Buradan çıxıb ora çatmağım da mümkün deyildi. Qohum tədbiri idi və mən mütləq orada bir ağbirçək kimi iştirak etməli idim.

Dəvətnaməni göndərdi, mən də dedim ki, yaxşı. Amma sonra başa düşdüm ki, tədbirlər eyni vaxta düşür. Onun da başı qarışıq idi, elə anda demək də olmur. 

Bir dəfə kitaba xatirə üçün zəng etdi, mən də dedim. Amma inanın, heç ağlıma gəlməzdi ki, belə üst-üstə düşəcək. Yoxsa deyim nəyəsə görə getmədim, elə bir şey yoxdur. Hamı bilir ki, Ramiz Novruz mənim üçün kim idi, bunu özləri də bilirlər”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”