Şah oğlunun müraciəti və xalqların arzusu: Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi

Şah oğlunun müraciəti və xalqların arzusu: Rza Pəhləvinin siyasətə qayıtmaq istəyi

İsrail-İran münaqişəsində hərbi fazanın yüksələn xətti onu göstərir ki, proses daha da irəliləsə, İrandakı mövcud rejim məğlub olacaq və hakimiyyət dəyişikliyi qaçılmazdır. 

Bu isə İran daxilində müxtəlif qüvvələrin fəallaşmasına və yenilən mövcud rejimin əvəzlənməsində önə çıxmağa çalışmasına imkan yaradır. Daxildə və mühacirətdə olan müxalif qüvvələr İranın daxilində öz tərəfdarlarını fəallaşdırmaq və gözlənilən şəraitdən maksimum istifadəyə çalışırlar. 

Bu qüvvələrdən biri də 1979-cu ildə devrilən şah Məhəmmədrza Pəhləvinin sürgündə olan oğlu Rza Pəhləvidir. Hadisələrin indiki halında situasiyanı öz xeyrinə dəyişmək üçün Rza Pəhləvi videomüraciətlə İran xalqına üz tutub və bildirib ki, artıq orada olan rejim dağılmaq üzrədir. 

Rza Pəhləvi xalqı etirazlara çağıraraq, İranı geri almağın zamanı olduğunu xüsusi vurğulayıb. Pəhləvinin bu çıxışı İran rejiminə müxalif qruplar tərəfindən ciddi müzakirələrə yol açıb. Onlar ABŞ və İsrailin planında yenidən şah rejiminin geri qaytarıb-qaytarılmayacağı ilə bağlı hansı düşüncələrin olduğunu proqnozlaşdırmaqda çətinlik çəkirlər. 

Bununla belə, Pəhləvilərin bu fürsətdən istifadə etməsinə imkan verilməyəcəyi qənaətindədirlər. Hesab edirlər ki, Pəhləvinin özünün, eləcə də keçmiş şah rejiminin İranda sosial dayağı yoxdur. İranda indiki rejim qədər şah rejiminə də kəskin etiraz var.

Müasir İran cəmiyyəti dünyaya açılmaq, teokratik və avtoritar rejim deyil, demokratik rejim arzusundadır. 

Ona görə də mövcud rejimin dəyişməsi və yeni müasir demokratik respublika qurulmasını istəyən müxalif kəsim növbəti bir avtoriatarizmin yolverilməz olduğunu düşünür. Rza Pəhləvi uzun illər özünü İran rejiminin siyasi alternativi kimi təqdim etməyə çalışsa da, əslində onun İslam İnqilabı Keşikçiləri Korpusu, Xameneyi hakimiyyəti ilə gizli əlaqələri barədə məlumatlar olub. 

İranda zaman-zaman xalq etirazları zamanı xüsusilə də Fransanın siyasi dəstəyi ilə Rza Pəhləvinin meydanda görünməsi aksiyaların dayanması və xalqın meydandan çəkilməsi ilə nəticələnib. Yəni İran vətəndaşları mövcud hakimiyyətlə şah rejimi arasında fərq görməyiblər. İndi isə geosiyasi şəraitin dəyişməsi İran rejiminin çöküşünü xeyli yaxınlaşdırıb. 

Görünür, Pəhləvinin nəvəsinin iyunun əvvəlində İsrail vətəndaşı olan yəhudi ilə evlənməsi onun yaranmış vəziyyətdən öz nəfinə istifadə etmək məqsədi daşıyır. Ancaq onun alternativ güc mərkəzi kimi İran daxilində siyasi dayağı yoxdur. İranda mərkəzi hakimiyyət devriləcəyi təqdirdə xalq inqilabı və ya siyasi xaos baş verə bilər. 

Bu zaman hadisələrin daha çox iki istiqamətdə inkişaf edəcəyi proqnozlaşdırılır.

Birinci variant İranda yaşayan xalqların öz müstəqilliyini elan etməsi fonunda ölkənin parçalanmasından ibarətdir. İkinci ehtimal hakimiyyətin öz daxilindən çıxan müəyyən siyasi qrupun hakimiyyəti ələ alaraq dünyəvi dövlət modeli qurmasıdır. 

Üçüncü və nisbətən az ehtimal olunan ehtimal isə zəifləmiş İran rejiminin qalması fonunda hadisələrin 2011-2024-cü illərdə Bəşər Əsədin dövründə olduğu kimi Suriya modeli üzrə inkişaf etməsidir. Hər üç halda İran hakimiyyətində Rza Pəhləviyə yer görünmür. 

“Cebheinfo.az”-a mühacirətdə olan müxalif şəxslərdən daxil olan məlumatlara görə, İran dağıldığı halda bu kimi yeni adla növbəti köhnə rejimlərin bərpasına imkan verilməsi mümkün deyil.

Xalqlar demokratik cəmiyyət arzulayırlar. 

İllərlə mövcud olan avtoritar və teokratik rejimlər orada yaşayan xalqlara xoşbəxtlik gətirməyib. Pəhləvilər sülaləsinin hakimiyyəti dövründə İranda yaşayan xalqlara və xüsusən qeyri-fars millətlərə qarşı qəddar münasibət və repressiyalar unudulmayıb. 

Bu səbəbdən də hazırda İrandakı teokratik rejimin devrilməsini arzulayan xalqların heç biri Rza Pəhləvinin yenidən hakimiyyətə qayıtmaq və konstitusiyalı monarxiya adı altında şahlıq üsul-idarəsini bərpa etməsini istəmir.

Ona görə də milli müqavimət qüvvələri öz fəaliyyətlərində, tərəfdarlarına müraciətlərində bunu da nəzər alırlar. 

“Cebheinfo.az”