Ömürlük əlillik kimlərə şamil olunur? - RƏSMİ

Əlilliyin müəyyən olunması meyarları ilə bağlı vətəndaşları ən çox narahat edən məsələlərdən biri də ömürlük əlillik dərəcəsi ilə bağlıdır.
Belə ki, əlillik dərəcəsi almış vətəndaşların bir çoxu öz dərəcəsinin ömürlik əlilliyə uyğun olub-olmadığını düşünür. Ümumiyyətlə, ömürlük əllillk dərəcəsi kimlərə verilir?
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov “Cebheinfo.az”-a bildirib ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq müəyyən edilmiş diaqnoz və ağırlaşmalara əsasən əlillik müddətli və müddətsiz (ömürlük) təyin edilir:
“Xüsusi tibbi göstəriş olduğu hallarda, bəzi geridönməz vəziyyətlərdə, məsələn, yuxarı və aşağı ətrafların amputasiyası zamanı əlillik müddətsiz təyin edilir. Bir sözlə, reabilitasiya potensialı olmayan əsas diaqnoz və ağırlaşmalar zamanı əlillik təyinatı ömürlük aparılır.
Qanunvericiliyə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bu hal həm ümumi, həm də xüsusi səbəbdən əlilliyə aid edilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”