3 yaşlı Cahidin ölümü ilə bağlı cinayət işində hökm oxundu

Cəlilabadda ölümlə nəticələnən hadisə törətmiş Mehdi Şamilov (şərti ad-soyadlı) həbs edilib.
“Cebheinfo.az” xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 17 yaşlı oğlan Cinayət Məcəlləsinin 263-1.3-cü (Sürücülük hüququ olmadan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilinib.
Bildirilib ki, hadisə vaxtı Mehdi atasına məxsus olan traktoru özbaşına idarə edib. Həmin vaxt 16 yaşı olan Mehdi həyətdə oynayan 3 yaşlı Cahid Vahabovu traktorun qoşqusu ilə vurub. Nəticədə ağır xəsarətlər alan azyaşlı xəstəxanada ölüb.
Əvvəlcə Mehdinin yaxınları uşağın yıxılıb öldüyünü desələr də, sonradan onun traktorla vurulması məlum olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə azyaşlının anası M. Şamilova ağır cəza verilməsini tələb edib: “28 iyul 2024-cü il tarixdə səhər radələrində həyat yoldaşımı Bakıya yola salıb oğlum Cahidin kiçik toy məclisi üçün aldığımız iribuynuzlu heyvana su verirdim. Cahid məndən içmək üçün su istədi, su qabını götürmək üçün evə qalxdım. Bu zaman həyətdən səs-küy gəldiyini eşitdim. Çəpər qonşumuz Mehdigilin ova getdiklərini, bir neçə quş ovladıqları üçün sevindiklərini, yüksək səsin də bu səbəbdən gəldiyini düşündüm. Su qabını götürüb həyətə düşdükdə Cahidi həyətdə tapa bilmədim, onu çağırmağa başladım. Cavab gəlmədiyini görüb onu həyətdə axtararkən Cahidin Mehdigilin həyətində Teymurun qucağında olduğunu gördüm. Nə baş verdiyini soruşduqda mənə Cahidin daşın üstündən yerə yıxıldığını söylədilər. Uşağın daşın üstündən yıxılana oxşamadığını, təcili xəstəxanaya aparılmalı olduğunu dedim”.
Bundan sonra azyaşlı xəstəxanaya çatdırılsa da, vəfat edib.
Məhkəmənin hökmü ilə Mehdi Şamilova 5 il 6 ay həbs cəzası verilib və o, məhkəmə zalındaca həbs edilib.
Cəza təyin edilərkən zərərçəkmiş tərəfin şikayətçi olması əsas götürülüb.
“Cebheinfo.az”