Pakistanda etiraz: "Tramp Nobelə layiq deyil"

ABŞ Prezidenti Donald Trampın 2026-cı il üçün Nobel Sülh Mükafatına namizəd göstərilməsi Pakistan daxilində böyük narazılıq yaradıb.
Ölkənin tanınmış siyasətçiləri və ictimai xadimləri hökumətə çağırış edərək bu qərarın dərhal ləğv olunmasını tələb ediblər.
"Cebheinfo.az" "Press Trust of India"-ya istinadən xəbər verir ki, siyasətçilər hesab edir ki, Trampın İrana qarşı hərbi əməliyyatlara göstəriş verdiyi bir vaxtda onun sülh mükafatına namizəd göstərilməsi uyğun deyil.
“ABŞ Prezidentinin sülhə çalışdığı barədə dedikləri boş çıxıb. Tramp sülh yox, müharibə tərəfdarıdır. Pakistan onun Nobelə namizədliyini geri götürməlidir”, - deyə “Cəmiət Üləma-i-İslam” partiyasının lideri Maulana Fəzlur Rəhman bildirib.
O həmçinin xatırladıb ki, Tramp İsrailin Fələstin, Suriya, Livan və İrana hücumlarını dəstəkləyib:
“Belə adamı sülhə çalışan biri kimi təqdim etmək mümkün deyil”.
Keçmiş senator Maşahid Hüseyn də Trampın İrana qarşı əməliyyatı onun Prezident kimi ən böyük səhvi adlandırıb.
“Belə bir adam Nobel Sülh Mükafatına layiq ola bilməz. Hökumət onun namizədliyini dərhal geri çəkməlidir”, - deyə o, sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Pakistan hökuməti iyunun 20-də Trampın Nobel Sülh Mükafatına təqdim edildiyini rəsmən açıqlanıb.Səbəb kimi isə onun Hindistanla Pakistan arasında gərginliyin azaldılmasında guya vasitəçi rolu oynaması göstərilib.
Bildirilir ki, Tramp “diplomatik səylərlə həm İslamabad, həm də Yeni Dehli ilə əlaqə quraraq münaqişəni daha da alovlanmağa qoymayıb” və bununla da “strateji uzaqgörənlik və müdriklik” nümayiş etdirib.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İşaq Dar həmin gün bildirib ki, Trampın namizədliyini tövsiyə edən məktub Nobel Komitəsinə artıq göndərilib.
Lakin vəziyyət elə də sadə olmayıb. Mayın 7-nə keçən gecə Hindistan ordusu Pakistan ərazisinə və Kəşmirdəki bəzi hədəflərə zərbələr endirib.
Cavab olaraq Pakistan da öz hərbi əməliyyatlarını həyata keçirib.
Nəhayət, mayın 10-da hər iki tərəf atəşkəslə bağlı razılığa gəlib. Tramp bu razılaşmanın əldə olunmasında şəxsi rol oynadığını iddia etsə də, Hindistan ABŞ-nin vasitəçiliyini açıq şəkildə inkar edib.
Səbinə Uğur
"Cebheinfo.az"